Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib.
Bu barədə Oxu.Az-a "Liv Bona Dea Hospital"dan məlumat verib.
Bildirilib ki, bir müddət əvvəl komaya düşən Nəzrin Mansurovanın həyatın xilas etmək mümkün olmayıb, o, bir az əvvəl vəfat edib.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb.
Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.