Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq.
APA xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsi avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edən, insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan özü hərəkət edən, yol hərəkətinin təhlükəsizliyi pozulduqda və ya avtonom nəqliyyat vasitəsində nasazlıq yarandıqda özü-özünü təhlükəsiz hərəkət rejiminə gətirə bilən, avtomatlaşdırılmış idarəetmə sistemi yüksək avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müəyyən edilən ərazidə və avtomobil yolunda bütün hərəkətini və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) və ya tam avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi istənilən ərazidə bütün hərəkətini və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) səviyyələrində olan mülki təyinatlı nəqliyyat vasitəsidir. Avtonom nəqliyyat vasitəsinin operatoru avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxsdir. Məsafədən idarəetmə mərkəzi avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsidir. Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda avtonom nəqliyyat vasitəsinin bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
Avtonom nəqliyyat vasitəsi müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə, o cümlədən dövlət qeydiyyatına alındıqdan sonra yol hərəkətində iştiraka buraxılır. Avtonom nəqliyyat vasitəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müəyyən edilən ərazidə və avtomobil yolunda hərəkət edə bilər. Avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemləri həmin sistemlərin fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan idarəetməyə nəzarət mərkəzi ilə inteqrasiya edilməlidir.
İdarəetməyə nəzarət mərkəzinin aşağıdakı vəzifələri var:
1) avtonom nəqliyyat vasitələrinin hərəkətinin monitorinqinin və təhlilinin aparılması (fərdi məlumatların mühafizəsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, o cümlədən anonimliyin və konfidensiallığın təmini şərtilə);
2) avtonom nəqliyyat vasitələrinin istismarı ilə əlaqədar formalaşan məlumatların saxlanılmasının təmin edilməsi;
3) aşağıdakı hallarda avtonom nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı tədbirlərin görülməsi:
- avtonom nəqliyyat vasitəsində və ya onun avtomatlaşdırılmış idarəetmə sistemində nasazlıq müəyyən edildikdə;
- avtonom nəqliyyat vasitəsinin müəyyən edilmiş ərazi və ya avtomobil yolundan kənara çıxması halları müəyyən edildikdə;
- yol hərəkəti şəraitinin avtonom nəqliyyat vasitəsinin istismarına təhlükə yaratdıqda.
Avtonom nəqliyyat vasitələrinin operatorlarının aşağıdakı vəzifələri var:
1) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;
2) avtonom nəqliyyat vasitəsinin istismarıtəhlükə yaratdıqda, avtonom nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş ərazidən və ya avtomobil yolundan kənara çıxdıqda, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilə baş verdikdə, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;
3) avtonom nəqliyyat vasitəsinin üzərində aydın görünən yerdə və oxuna bilən ölçülərdə avtonom nəqliyyat vasitəsinin operatorunun əlaqə məlumatlarını (mobil nömrə və qaynar xətt) yerləşdirmək və avtonom nəqliyyat vasitəsinin yol hərəkətində iştirakı zamanı üzərində göstərilmiş əlaqə məlumatlarının daim əlçatan olmasını təmin etmək;
4) avtonom nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanılmasını və mühafizəsini təmin etmək;
5) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək;
6) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin nəzərdə tutulan tələblərə uyğun fəaliyyətinə nəzarət etmək;
7) avtonom nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdiyi təqdirdə avtonom nəqliyyat vasitəsinin dayanmasını təmin etmək, yol hərəkətinə, insanların həyatı və ya əmlakına təhlükə yaratmaması üçün tədbirlər görmək, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal məlumat vermək.
Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
Operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) həmin nəqliyyat vasitəsinin “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı ilə təchiz edilməsini, istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun nəqliyyat vasitəsinin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.
Layihəyə əsasən, “Avtonom nəqliyyat vasitəsinin tanınma nişanı” da müəyyənləşir. Avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilmiş nəqliyyat vasitələrinin arxasında eni 200 mm ölçüdə, hündürlüyü 250 mm ölçüdə ağ haşiyəyə alınmış göy rəngli düzbucaq şəklində tanınma nişanı quraşdırılır, yol hərəkətinin digər iştirakçılarını xəbərdar etmək məqsədilə lövhənin yuxarı hissəsində simsiz ötürülmə dalğaları təsvir edilmiş avtomobil simvolu, aşağı hissəsində isə ağ rənglə “AVTONOM NƏQLİYYAT VASİTƏSİ” sözləri yazılır.


