Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Hacıkənd dəniz səviyyəsindən 1794 metr hündürlükdə, Tər-Tər çayının sağ sahilində yerləşir. Kəndin yaxınlığındakı Qoçdaş yaylağında mövcud olan tarixi yüz illərlə ölçülən qədim qoç heykəlləri sonralar Kəlbəcər rayonunun tarix-diyarşünaslıq muzeyinə aparılıb. Hacıkənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.