Azərbaycanlı İŞİD-çilər məhkəmədə nələr danışdı?
Tarix: 7-04-2015, 09:23 |
Çap et
Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-ə qoşulan 6 nəfərin məhkəməsi keçirilib. Lent.az yazır ki, Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə prosesə hakim Ənvər Seyidov sədrlik edib.
Axar.az onların məhkəmə çıxışlarından seçmələri təqdim edir.
Təqsirləndirilən şəxs Ruslan Mustafayev: “Məqsədim xeyirxahlıq olub. Bir həftə ərzində oradakı vəziyyəti görüb, geri qayıtmışam. İkinci dəfə mən Türkiyəyə işləməyə gedirdim. Hava limanında saxladılar. Suriyada olduğum müddətdə silahlı döyüş olmayıb”.
***
Təqsirləndirilənlərdən Namiq Məmmədov: “2 ay Suriyada olmuşam. Sonra deport olunmuşam. Dekabrın 27-də cəriməmi də ödəyib Bakıya qayıtdım. Qayıtmağıma başqa bir səbəb də o olub ki, orada ədaləti görməmişəm. Mənim dini adım Abuhüseyn olub. O da balaca oğlumun adıdır”.
***
Saxlanılanlardan Elvin Əliyev: “Suriyaya keçəndə Abuzər adlı şəxs qabağıma çıxıb. Ərəb dilini bilmədiyimə görə onun köməyindən istifadə etmişəm. Suriyada xəstəxanada işləmişəm, yaralılara kömək etmişəm. Bazardan ərzaq alırdım. Məni bir gün bazarda olanda əsir götürdülər. 20 gün əsirlik həyatı yaşadım. Sonra bilmədiyim səbəbdən məni azad elədilər”.
***
Təqsirləndirilənlərdən Tariyel Mustafayev: “Mən 1999-cu ildən Maştağa ruhi dispanserində qeydiyyatdayam. Bakıda olanda eşitdim ki, Suriyada dini həkimlər pulsuz olaraq Quranla müalicə edir. İstanbula yoldaşımla getdim. Onu İstanbulda qoyub, Suriyanın Arkna şəhərinə getdim. 1 aya yaxın orda oldum, sonra Bakıya qayıtdım”.