Yeni Qarabağ oyunu – Putin nə etmək istəyir?
Tarix: 10-11-2015, 14:51 | Çap et
Yeni Qarabağ oyunu – Putin nə etmək istəyir?
Ötən gün İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyan və XİN rəhbəri Nalbandyanla görüşüb. Görüşdə tərəflər iki ölkə arasında iqtisadi, humanitar və hərbi-texniki sahələrdə əməkdaşlığın ardıcıl sürətdə inkişaf etməsi məsələsini müzakirə ediblər.

Serj Sarkisyan regional təhlükəsizlik və sabitliyin bərqərar olması üçün Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki rolunu yüksək qiymətləndirib.

Lavrov isə öz növbəsində İrəvanda bəyan edib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə alternativ variant yoxdur. Rusiyalı nazir açıq şəkildə bildirir ki, Kreml Qarabağda müharibənin olmasının qəti əleyhinədir.

Lavrovun Ermənistan səfəri ilə bağlı müxtəlif iddialar səsləndirilir. Ermənistanda kifayət qədər populyar olan “Aykakan Jamanak” qəzetində dərc olunan xəbərə Lavrovun səfəri ilə bağlı ilginc versiya ortaya atılıb.

Nəşr hökumətdəki mənbəyə istinadən xəbər verir ki, Lavrovun İrəvana gəlişi Moskvanın Qarabağ münaqişəsinin həllinə dair yeni strateji planını Sarkisyan hakimiyyətinə çatdırmaqdır.

Qəzetin yazdığına görə, Rusiya Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycana geri qaytarılması ilə bağlı gizli prosesə başlayıb.
Qeyd edilib ki, Rusiya Ermənistanı bir neçə rayonu Azərbaycana qaytarmağa inandırmağa çalışır: “Bunun nəticəsində rəsmi Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olacağına ümid edir. Mənbənin dediyinə görə, Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistana səfərinin əsas mövzusu məhz bu olub”.

Əslində Rusiyanın Azərbaycanı Aİİ-yə qoşmaq planı çoxdan gündəmdədir. İndiki durumda Azərbaycanın bu ittifaqa qoşulması real görünmür. Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanın da bu quruma üzv olmasını nəzərə alsaq rəsmi Bakının Aİİ-yə daxil olması yalnız bir şərtlə mümkün ola bilər - Qarabağ işğaldan azad edilərsə...

Lavrovun İrəvana səfəri fonunda 7 rayonun geri qaytarılması məsələsinin ortaya atılması nədər xəbər verir?

Politoloq Qabil Hüseyinli hesab edir ki, Lavrov Ermənistana çox ciddi siyasi “baqaj”la gəlib: “Ermənilər iddia edir ki, Lavrov Ermənistana Dağlıq Qarabağa görə gəlib. Amma, Lavrov ermənilərin müəyyən hərəkətləri, İranla əlahiddə münasibətlər quraraq bu ölkənin qazını öz ərazisindən keçirməsinə dair planlarına görə gəlib. Ermənilərin bu addımı Rusiyanın strateji maraqlarına ziddir.
Şübhəsiz ki, Lavrovun səfəri zamanı Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Çünki, bu məsələ Rusiya üçün önəmli yerlərdən birini tutur. Dəfələrlə Rusiya Azərbaycana bununla bağlı vədlər verərək məsələnin tezliklə həll ediləcəyini işarə vurur. Amma, məsələnin həlli gecikir. Qaytarılacaq 7 rayonun əvəzində Azərbaycanın Rusiyaya doğru pozitiv addım atacağı gözləniləndir”.

Politoloq Arzu Nağıyev hesab edir ki, Rusiya rəsmilərinin Qarabağa dair verdiyi mesajlar Qərbə kimin nüfuz sahibi olmasını nümayiş etdirməyə hesablanıb.

“Cəbhədə demək olar ki, hər gün atəşkəsin pozulması davam edir. Ermənilər KTMT-nin üzvü olmasını bəhanə gətirməklə nəyin bahasına olursa olsun Rusiyanın Ermənistanda olan hərbi kontingentini də bu məsələlərə qatmaq istəyir. Eyni zamanda Dağlıq Qarabağ ərazisində olması istisna edilməyən Rusiya hərbçilərini də leqallaşdırmağa çalışır.

ABŞ-ın münaqişənin həlli istiqamətində attığı addımlar, o cümlədən prezidentlərin görüşünün təşkil edilməsi cəhdləri Rusiyanı razı sala bilməz və regionda nüfuz məsələsinə təsir edə bilər. Bu görüşün baş tutmaması üçün atəşkəs daha da intensiv şəkildə pozulur. Rusiya bunları nəzərə alaraq artıq münaqişənin pik nöqtəsinə çatdığını dərk edir. Məhz buna görə də Rusiuya xarici işlər naziri Sergey Lavrov Fransada, Ermənistanda və təbii ki Azərbaycanda görüşlər keçirir”, - deyə A. Nağıyev bildirib.

7 rayonun qaytarılması məsələsinə gəldikdə isə politoloq deyib ki, münaqişənin həlli Madrid Prinsipləri kontekstində öz əksini tapıb: “ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər də bunula razılaşıb. İndi əsas məsələ bunun realizə edilməsidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net