“Növbəti devalvasiya banklara öldürücü zərbə vura bilər”
Tarix: 5-11-2015, 11:25 |
Çap et
İlin əvvəlində bank sektorunu haqlayan böhranın yeni mərhələsi başlayıb. Əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərqin azalması bankları sərt addımlar atmağa məcbur edib. Xərclərin optimallaşdırılması adlanan siyasət çərçivəsində filialların bağlanması prosesinə başlanıb. Belə davam edərsə, bank sektorunda ixtisarlar artacaq. Hazırda sektorun dayanıqlığı sual altındadır. Mərkəzi Bankın yanvardan sonra bankların maliyyə dayanıqlığına və məcmu kapitalına dair statistik göstəriciləri, habelə gəlir və xərclərinin mövcud durumu barədə məlumatları dərc etməməsi vəziyyətin gərgin olduğunu deməyə əsas verir.
Modern.az saytı xəbər verir ki, iqtisadçı Samir Əliyev 9 aylıq göstəricilərin bank sektorunda pisləşmə tendensiyasını qabarıq göstərdiyini bildirib.
Ekspert nəticələri belə izah edib:
“Bankların xarici öhdəlikləri 2014-cü ilin noyabrından sonra ən aşağı həddə (6,3 milyard manat) düşüb.
Kredit qoyuluşu, xüsusilə milli valyutada verilən kreditlərin həcmi kəskin azalıb. Manat kreditlərinin həcmi 2013-cü ilin sentyabr ayı səviyyəsinə düşüb.
Problemli kreditlər müstəqillik tarixində ən yüksək həddə (1,4 milyard manat) çatıb. Belə kreditlərin payı isə 7,1 faizə çatmaqla son 11 ilin rekordunu vurub. Beynəlxalq Bankdakı restrukturizasiya olunan kreditləri də əlavə etsək, gərginliyin daha da artdığını deyə bilərik”.
Samir Əliyev qeyd edib ki, əmanət qoyuluşu devalvasiyadan əvvəlki səviyyəyə qədər azalıb:
“Dollarlaşmanın artması nəticəsində manat əmanəti 2015-ci ildə 2,5 dəfə azalmaqla yanaşı, onun payı 24 faizə düşüb. 2015-ci ilin təkcə 3-cü rübündə özəl banklara məxsus ən azı 6 filial bağlanıb. Ləğvetmə prosesində olan bankların sayı 5-dən 7-yə qalxıb. Kredit kartlarının sayı 2014-cü ilin may ayında bəri ən aşağı həddə (1,13 milyon), plastik kartlarla aparılan əməliyyatların həcmi 2015-ci ilin yanvarından sonra ən aşağı həddə (962 milyon manat) düşüb.
Oxşar problemlər bank olmayan kredit təşkilatlarında (BOKT) da müşahidə edilir. Mərkəzi Bankın komisyon haqlarının və faiz dərəcələrinin yuxarı həddinə tətbiq etdiyi limit daha çox BOKT-lara zərbə vurub.
Pul bazasının məhdudlaşdırılması, büdcə xərcləmələrinin azaldılması, iş yerlərinin bağlanması fonunda əhalinin gəlirlərinin azalması bank dövriyyəsini və kreditləşməni kəskin azaldıb”.
İqtisadçı problemli kreditlərin artmasının bankların gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına, zərərin isə artmasına səbəb olduğunu deyib:
“Banklar hələ ki filialların birləşdirilməsi, işçilərin sayının ixtisarı hesabına xərcləri azaltmağa nail olur. Ancaq ixtisarların başa çatdığını söyləmək olmaz. Proses davam edəcək və daha da genişlənəcək. Hətta devalvasiya olmayacağı təqdirdə bank sektorunda ixtisarlar gələn ilin yaz aylarına kimi davam edəcək. Müştəri kontingentinin məhdudlaşması, neft pullarının azalması banklar arasında amansız rəqabət mühiti yaradır. Bu da bəzi bankların, o cümlədən BOKT-ların bazarı tərk etməsi ilə nəticələnəcəyinə şübhə yeri qoymur. İlkin dövrdə BOKT-ların banklar tərəfindən udulması baş verə bilər. Sonrakı dövrdə isə bəzi problemli iri bankların əvvəlcə “əridilərək” təsirinin minimuma endirilməsi sonra isə ləğv edilməsi mümkündür.
Yaxın dövrdə bank sektoru üçün ümidli heç nə görünmür. Xüsusilə də ehtimalı yüksək olan potensial devalvasiya (adını “üzən məzənnə siyasəti” də qoya bilərsiniz) banklara növbəti öldürücü zərbə vura bilər. Bu halda ixtisarlar da kömək edə bilməyəcək”.