Oqtay Şirəliyev Hippokrat andının Azərbaycan versiyasını “xoda" salıb?
Tarix: 9-03-2015, 16:06 | Çap et
Oqtay Şirəliyev Hippokrat andının Azərbaycan versiyasını “xoda" salıb?
Azərbaycan həkimlərinin uğurlarına sevindiyimiz vaxtlar vardı. Pulsuz tibbi xidmətin bütün ölkəni əhatə etdiyi əski günləri indi bəyənmirik. Təxminən 25-30 il öncə texniki cəhətdən müalicə ocaqları indikindən zəif olsa da, dünyanın heç bir ölkəsində görünməmiş bir üstünlüyümüz də vardı: həkim məsuliyyəti.

Bu məsuliyyətin işığında heç bir rüşvətə və qanunsuz ödənişə yer yoxuydu. Hippokratın da ruhu incimirdi belə səhiyyə xidmətindən. Səhiyyə ocaqlarından baş alıb dünyaya yayılan sevindirici informasiyaları fərəhlə dinləyərdik, səhiyyəmizin etibarlı gələcəyinə bir təminat kimi qiymətləndirərdik bunu. Bəs indi nooldu? Bu gün səhiyyəmizdə qəribə olduğu qədər təhlükəli mənzərə yaranıb. İşləmək üçün texniki baxımdan demək olar ki, şərait var, lakin peşəkar həkim problemi bitmir ki, bitmir. Xəstələr sağlamlığını öz həkimlərimizə etibar etmir. Bunu görmək üçün xəstəxana və poliklinikalara, digər pulsuz tibbi xidmət obyektlərinə baş çəkmək kifayətdir. Səhiyyədə korrupsiya və rüşvətin belə geniş miqyasda yayıldığını təsəvvürə gətirmək mümkün deyil. Gördüyün dəhşətli mənzərədən sonra axıtdığın xəcalət tərini silməyə cibindən dəsmal çıxaranda qarşındakı həkim instinktiv olaraq səndən nəsə bir alacaq gözləyirsə deməli səhiyyəmizin dərdi dərin köklərə bağlıdır. Azərbaycan həkimi bəzən o qədər dəhşətli xətalara yol verir ki, adam baş götürüb bu ölkədən qaçmaq istəyir. 21-ci əsrdə bizim həkimlərin əlində hələ də kor "apendisit"dən adam ölürsə, doğum evlərində ana və uşaq ölümü halları artırsa, hansı peşəkarlıqdan danışa bilərsən, cənab Oqtay Şirəliyev? Uşaq dünyaya gətirmək hər bir qadının arzusudur. Analıq hisslərini yaşamaq kimi bir arzunu qadınlarımıza çox görürlərsə, burda artıq həkim-ginekoloqun qeyri-peşəkarlığından savayı, bir təxribat da görsək, təəccüblənmərik. Son illərin ana və uşaq ölümləri ilə bağlı statistikası bu narahatlığın əbəs olmadığını ortaya qoyur. Belə bir şəraitdə hansı uğurlardan danışmaq olar. Əgər bizim əksər həkimlər yeni tibbi-texnika ilə davranmağı bacarmırsa, daha hansı loğmanlıqdan danışa bilərlər? Bu baxımdan, təəssürat yaranır ki, Azərbaycanda Hippokrat andının yeni, biznesvari variantı "işə" salınıb. Səhiyyəmizin ümumi mənzərəsinə buyurub nəzər salın. Görəcəksizin ki, həkim dövlətin səhiyyə ocağında cibinə işləyr. Məgər rəhmətlk Hippokrat belə işləməyi vəsiyyət etmişdi? Fikir verin, tibb ocağı, oradakı bütün tibbi texnika və avadanlıqlarla birlikdə dövlətə məxsus olduğu halda xəstələrdən ən xırda tibbi xidmət müqabilində pul tələb edilir. Bu reallıqda pulsuz tibbi xidmətdən danışmaq ədalətsizlik deyilmi? Həkimlərimizi başa düşmək olar, maaşları azdır, dolanışıqları çətindir. Əgər həqiqətən belədirsə, bunun bədəlini axı niyə biçarə xəstələr ödəməlidir. Ona görə də, istərdik ki, səhiyyə naziri Oqtay Şirəliyev səhiyyəmizin xəcalətli məqamlarına aydınlıq gətirsin. Biz heç, amma Hippokratdan ayıbdır e, cənab nazir, rəhmətliyin ruhunu niyə incidirsiniz?
vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net