Azərbaycanda girov qoyulan əmlak niyə düzgün qiymətləndirilmir? - AÇIQLAMA
Tarix: 1-10-2015, 15:13 | Çap et
Azərbaycanda girov qoyulan əmlak niyə düzgün qiymətləndirilmir? - AÇIQLAMA
Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları girov kimi qəbul olunan əmlakı şəxsi mənafeləri naminə real dəyərindən xeyli aşağı və ya əksinə dəyərindən daha yüksək qiymətləndirirlər. İqtisadçı Natiq Cəfərli Modern.az saytına Azərbaycanın mövcud reallığında belə nöqsanların olduğunu təsdiqləyib:

“Bu gün ölkəmizdə belə hallara rast gəlmək mümkündür. Düşünürəm ki, problemin həllinə dair ayrıca qiymətqoyma və ya dəyərləndirmə qurumunun yaradılmasına ehtiyac yoxdur. Çünki, mövcud reallıq şəraitində, sonradan həmin qurumun səlahiyyətləri yüksəldikcə, verdiyi arayışın dəyəri qalxdıqca, orada korrupsiya hallarına rast gəlinəcək.
Təəssüf ki, bizdə belə qurumlar gec-tez korrupsiyaya uğrayır. Bu faktdır”.

Mütəxəssis hesab edir ki, məsələnin həlli dünya praktikasındakı mövcud yanaşmadır:

“Dünya praktikasında bazar qiymətlərini araşdıran bir neçə agentlik olur. Agentliklər bölgələr üzrə qiymət müəyyən edirlər. Ortalama çıxarılmış qiymətdən həm bank sektorunda çalışanlar, həm də müştərilər istinad nöqtəsi kimi istifadə edirlər. Bankla müştəri arasında razılaşdırılmış şəkildə müqavilələr bağlanır.

Azərbaycanda müstəqil qurum yaransa ya bankın, ya da müştərinin tərəfini tutacaq. Hər iki halda da müxtəlif mübahisələrə səbəb olacaq. Tamamilə müstəqil daşınmaz əmlakın qiymətləndirilməsi agentliklərinin yaradılması və yaxud hazırda fəaliyyət göstərən daşınmaz əmlak şirkətlərinin bölgələr üzrə ümumi qiymətləndirilməsi daha doğru yanaşma olar. Mənzilin, obyektin qiymətinin deyil, həmin bölgədə mövcud ortalama məxrəcə gəlinmiş qiymət müəyyən olunmalıdır.

Kommersiya bankı da, müştəri də həmin qiyməti örnək götürərək qiymətdə razılaşmaya gələ bilərlər. Bu, həm bankı, həm də müştərini qane edəcək formuldur. Vurğulamaq istərdim ki, müstəqil qurumun səlahiyyətlərini artırmaq gec-tez korrupsiyaya gətirib çıxaracaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net