"London taksiləri"ndə qiymət dəyişikliyi: Müştərilər üçün yeni problem
Tarix: 30-09-2015, 17:31 | Çap et
"London taksiləri"ndə qiymət dəyişikliyi: Müştərilər üçün yeni problem
Məlumat yayıldı ki, “London taksiləri”ndə qiymət artımı baş verib. Bu taksilərdən istifadə etmək istəyən sərnişinlər ilk 3 kilometr məsafəyə görə 3 manat ödəməli olacaqlar. Bu xəbər insanlar arasında çaşqınlıq yaratmağa başladı. Çünki “London taksiləri” əvvəllər sərnişin taksiyə əyləşdiyi zaman sayğacın ilkin rəqəmi 1 manatdan hesablanırdı. Yəni, sərnişin gedilən məsafənin ilk 10 km üçün 70 qəpik, növbəti 10 km üçün 40 qəpik ödəməli idi.

Bəs, indi nə dəyişdi? Hər kəsi bu sual maraqlandırdığı üçün musavat.com saytı olaraq, məsələni araşdırmağa qərar verdik.

İlk olaraq qeyd edək ki, bu dəyişikliyin əsas səbəbi şirkətin 2 hissəyə bölünməsidir. Belə ki, əvvəllər “London taksiləri” sadəcə, "Bakı Taksi Xidməti" MMC şirkətinin tərkibində idi. Bu şirkət də nəqliyyat naziri Ziya Məmmədovun tabeliyinə verilmişdi. İndi isə vəziyyət dəyişib.

Son zamanlarda Z.Məmmədovun "vurulma" prosesi başlayıb. “Azərbaycan Dəmir Yolları” və sərnişindaşıma Ziya Məmmədovdan alındı. Hətta iddialar var ki, Bakı Beynəlxalq Avtovağzal kompleksi də artıq onun nəzarətində deyil.

Taksilərə lisenziyanın verilməsi də yaxın zamanlarda ASAN xidmətdə həyata keçiriləcək. Bu da böyük pulların Məmmədovun əlindən çıxması deməkdir. İndi isə taksi şirkətini 2 hissəyə bölüblər. Və bu, yaxın günlərdə şirkətin Z.Məmmədovun əlindən tam alına biləcəyinin əlaməti sayılır.

İndi isə keçək, əsas məsələyə... İlk olaraq məlumat verək ki, qiymət artımı yalnız üzərində “sarı xətt” olan "London taksiləri”nə şamil olunur. Məhz bu taksilərdə gediş haqqının artırılması tətbiq olunmağa başlayıb. Sərnişin 3 manat ödəməklə bu taksidə 3 kilometr məsafə gedə bilər. Üç kilometrdən sonra isə 10 km üçün 70 qəpik, növbəti 10 km üçün 40 qəpik ödənməlidir.

Yeni taksilər hələlik şəhərdə çox az gözə dəyir. Amma biz onlardan birini tapıb, sürücüsü ilə danışa bildik. Uzun illərdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən müsahibimin yeni taksidə ilk iş günüdür.

O, əvvəllər görməyə alışdığımız "London taksiləri”ndə çalışıb: "İlk iş günümdür. Amma mənə elə gəlir ki, bu taksilər daha yaxşıdır. Köhnə taksimlə bunun arasında xarici görünüşdə yeganə fərq bunun üzərində sarı rəngdə olan xətlərin olmasıdır. Başqa fərqi yoxdur. Fərq qiymətdədir.

Köhnə taksidə müştəri maşına oturan kimi 1 manat, sonrakı 10 km üçün 70 qəpik, növbəti 10 km üçün 40 qəpik ödəməlidir. Bunda isə ilk 3 km üçün müştəri 3 manat, sonrakı 10 km üçün 70 qəpik, növbəti 10 km üçün 40 qəpik ödənməlidir. Belə qərar verilməsinə səbəb qısa məsafələrə gedən sərnişinlərdir.

Misal üçün müştəri oturur taksiyə və 1 km məsafəyə gedir. Ödəyir 1.70 qəpik... Bu qiymətə hansı sürücü maşın idarə edər? Heç kim... Deyirik ki, yaxın məsafəyə getmirik, oluruq pis adam... Dava-dalaş düşür. Ona görə də, indi ilk 3 km görə müştəridən 3 manat tələb edilir. Müştəri 3 kilometrdən az getsə belə, 3 manat ödəməlidir. Bu haqda taksidə elan da yapışdırılıb".

Sürücü deyir ki, yeni taksilər həm də onların özlərinə sərf edir: "Köhnə “London taksiləri”ndə sürücüyə günlük 40 manat plan qoyulur. Onu mütləq ödəməlisən. Maaş yox, yanacaq yox... Bunda isə vəziyyət başqadır. Günlük plan 60 manat olsa da, 25 litr yanacaq verirlər. Üstəlik, günlük 12 manat da maaş... Bu da mənə sərf edir".

“London taksiləri”ndəki bu dəyişiklik, onlara olan tələbatı azaldacaqmı? Şəxsi avtomobili ilə taksi kimi fəaliyyət göstərən şəxslərə bu qaydaların təsiri varmı? Bu suallara cavab tapmaq üçün bir neçə taksi sürücüsündən fikir aldıq.

Dadaş Fərəcov adlı Bakı sakini dəyişikliyin onlara çox da təsir etməyəcəyini deyir: "Bu taksilərdə qiymətin dəyişməsinin səbəbi yaxın məsafələrə gedənlərdir. Oturur taksiyə, deyir sür Əhmədliyə... Amma yalan danışır. Ona bu yolun üstündə olan yaxın məsafə lazımdır. Ora çatanda deyir ki, "Saxla. Gedəsi olmadım. Zəng gəldi" və s. Az pul verib, düşür. Bilir ki, yaxın məsafəyə taksilər getmirlər. Çünki nə əziyyətimizə dəyir, nə də sərf etdiyimiz yanacağa... Biz şəxsi maşınımızla fəaliyyət göstərdiyimiz üçün sayğac işlətmirik və ilk 3 km üçün xüsusi qaydalar qoya bilmirik. Bu qaydanın bizə təsiri buna görə az olacaq".

Qulam adlı gənc taksi sürücüsü isə “London taksiləri”nin heç kimə sərf etmədiyini və bu qayda ilə onların daha da müştəri itirəcəklərini söylədi: "Müştəri yenə də bizim taksiləri seçəcək. Çünki "London taksiləri" heç kimə sərf etmir. Əvvəllər yenə 3-5 adam onların xidmətindən istifadə edirdisə, üstü sarı xətli taksilərdə o da olmayacaq. Çünki yeni "London taksiləri"ndə qayda yaxın məsafə gedənləri özlərindən uzaqlaşdırmaq üçün tərtib edilib. Amma uzaq məsafəyə gedənləri düşünən olmayıb. Tutaq ki, müştəri 10 km məsafəsi olan bir yerə gedir. Oturdu yeni, üstü sarı xətli olan “London taksiləri”ndən birinə... İlk 3 km-ə görə 3 manat, geridə qalan 7 km üçün isə 4.90 AZN ödəməli olacaq. Ümumilikdə etdi 7 manat 90 qəpik. Müştəri eyni məsafəyə köhnə "London taksiləri"ndən biri ilə getsə, qiymət olacaq 8 manat. Amma mən o məsafəyə müştərini 5-6 manata aparıram. İndi siz deyin, hansı daha sərflədir?"

Bir çoxları "Bakı Taksi Xidməti" MMC şirkətinin bu qiymət dəyişikliyini antireklam kimi dəyərləndirirlər. Ekspertlərin fikrincə, yeni istifadəyə verilmiş "London taksiləri" tarif cəhətdən köhnə taksilərdən çox da fərqlənmir. Bu taksilər də müştərilərə çox bahalı xidmət təklif edirlər.

Şirkətin "yaxın məsafə" siyasəti əslində bir bəhanədir. Əgər qısa məsafələrə getmək, sürücüyə və şirkətə sərf etmirsə, müştəriyə də bu şərtlərlə uzaq məsafəyə getmək sərf etmir.

Misal üçün müştəri 3 km-dən çox məsafəyə gedərsə, qiymət dəyişməlidir. Hər 1 km-ə görə 0.70 AZN hesablanmalıdır. Əgər az gedərsə, ilk 3 km-ə görə, 3 manat tələb olunmalıdır. Müştəri 10 km-ə görə, 7 manat ödəyə biləcəyi halda (bu belə çoxdur), 7 manat 90 qəpik niyə ödəsin?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net