Ukraynanı kim itirdi: Obama, yoxsa Putin?
Tarix: 16-09-2015, 15:44 |
Çap et
"Rusiya diqqətini Ukraynadan Suriyaya yönəltdikcə, Ukrayna münaqişəsində kimin uduzub, kimin qazandığını dəyərləndirməyə dəyər".
"The Washington Post"da Daniel Drezner yazır ki, Ukrayna münaqişəsi sabitləşdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putin Suriyaya daha çox hərbi qüvvə yerləşdirir. Bu, nə deməkdir?
Təhlilçilərin bu suala cavabları haçalanır: "Həmkarım Cekson Dihl deyir ki, bu, Putinin qələbə çalmasının əlamətidir. Bəzi analitiklər iddia edirlər ki, Putin Ukraynada uğursuzluğa düçar olduğu üçün Yaxın Şərqi qarışdırmağa başlayıb. Ancaq buna başqa yöndən baxaq: Putin gücdən istifadə etməklə Ukraynada tələblərini Qərbə qəbul etdirdi. İndi də zəfərini ikinci teatrda təkrarlamağa çalışır".
Almaniyanın Marşal Fondundan Ulrix Spek isə yazır: "Rusiya Ukraynada məğlubiyyətini elan etməyəcək. Ancaq Ukraynanın Donbasda müqaviməti Moskvanın Ukraynaya nəzarəti qazanmasını mümkünsüz etdi. Rusiyaya tabe olmaqdansa Ukrayna liberal-demokratik dövlət qurmaq üçün uzun, ağır bir yola başladı".
Müəllifin fikrincə, "Ukraynanı itirən kimdir" sualının cavabı hansı dönəmə baxmaqdan asılıdır. 2014-cü ilin fevralına, Viktor Yanukoviçin səhnədən getdiyi dönəmə baxanda itirənin Qərb olduğunu demək olar. Ukrayna qərbyönümlü hökumətə keçid etmək əvəzinə Rusiya tərəfindən parçalanmış bir ölkəyə çevrildi. 2013-cü ilin sentyabrına baxanda isə, deyə bilərsiniz ki, itirən Rusiyadır. O zaman Ukrayna Rusiyanın müttəfiqi idi. Ancaq həqiqət odur ki, indi Putinin strateji mövqeyi beş il əvvəlkindən daha zəifdir.
"İndi Ukraynanı itirən kim oldu? Bir tərəfdən, təbriklər, hamınız itirmisiniz, özəlliklə də ukraynalılar! Ancaq geosiyasi perspektivdən baxanda Rusiya ən böyük itki verən tərəfdir" - deyə U.Spek yazır.
"Suriya Rusiya üçün ikinci Əfqanıstanamı çevriləcək? Rusiyanın münaqişəyə müdaxiləsi müdrik addımdırmı? Şayiələr dolaşır ki, Minsk sazişinə əsasən, Donbası tədricən təhvil verməli olan Moskva imicini qorumaq üçün Suriyada ABŞ koalisiyasına yardım etməyə və Qərblə münasibətləri düzəltməyə çalışır. Bu plan nəzəri baxımdan yaxşı səslənsə də praktik deyil" - bunu isə "The Moscow Times" qəzetində siyasi təhlilçi Georgi Bovt yazır.
G.Bovt bu arqumentini belə izah edir ki, Ağ Ev nə Bəşər Əsəd rejimini, nə də Rusiyanın bu ölkəyə yardımını qəbul edir. Vaşinqtonun mesajlarından belə görünür ki, Qərb tezliklə Rusiyaya Suriyadakı roluna görə sanksiya qoya bilər. Vaşinqton özəlliklə Rusiya və İran silahlıları arasında mümkün koordinasiya barədə şayiələrdən narahatdır.
"Putin ümid edirsə ki BMT Baş Assambleyasında çıxışı zamanı Suriya münaqişəsinin həllində iştirakını "sata biləcək", onda yəqin xəyal qırıqlığına uğrayacaq. Qərb Moskvadan heç nə almaq əhvalında deyil. Özəlliklə də Ukraynaya görə münasibətlərin pisləşdiyini nəzərə alsaq, mənzərə aydınlaşar" - deyə təhlilçi bildirir.
Müəllif yazır ki, "Donbası Suriyanın əvəzində təhvil vermək" ideyasına gəlincə isə bu dəfə imkanların şişirdildiyi görünür. İndi Rusiyada durum daha sadədir. Orta rusiyalı Ukrayna, Novorossiya barədə eşitməkdən yorulub. Donbasda Rusiya-Ukrayna sərhədinə nəzarət sabah Kiyevin əlinə keçsə belə Rusiyada ictimai fikir - bəzi bloggerləri çıxmaqla - buna reaksiya verən deyil.
azadliq.org