Yeni ipoteka qaydalarının tətbiq ediləcəyi vaxt məlum oldu - RƏSMİ MƏLUMAT
Tarix: 16-07-2015, 12:16 | Çap et
Yeni ipoteka qaydalarının tətbiq ediləcəyi vaxt məlum oldu - RƏSMİ MƏLUMAT
"İpoteka kreditləşməsinin şərtlərinin sadələşdirilməsi istiqamətində hələ İpoteka Fonduna heç bir məlumat daxil olmayıb".

Bu barədə Hafta.az-a fondun mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, İpoteka Fondu Mərkəzi Bankdan verilən tapşırıqlar əsasında nəzərdə tutulan güzəştlərin icrasına başlaya bilər. Mərkəzi Bank isə güzəştlərin ilin sonuna qədər tətbiq edilməsini planlaşdırıb.

Hafta.az xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov söyləyib ki, ipoteka kreditləşməsinin şərtlərinin sadələşdirilməsi istiqamətində AMB və Maliyyə Nazirliyi daha da koordinasiyalı iş görür. E.Rüstəmov onu da qeyd edib ki, yeniliklərdən biri də həm sosial, həm də kommersiya ipotekası üzrə faiz dərəcələrinin aşağı salınmasından ibarətdir. “Bundan başqa, əhali daha çox ipoteka kreditlərinin maksimal məbləğinin azlığından şikayət edirdi. Bu səbəbdən vətəndaşlar daha çox təkrar mənzil bazarına üz tutmalı olurdu. Bunu nəzərə alaraq, həm sosial, həm də kommersiya ipoteka üzrə maksimal məbləğləri 2 dəfə artırmağı nəzərdə tuturuq”, - deyə o vurğulayıb.

Həmçinin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ipoteka kreditləşməsinə əlavə 200 milyon manatın ayrılması barədə göstəriş verdi. Bu isə kreditləşmə növünə ayrılan vəsaitin həcminin 4 dəfə artırılması deməkdir. Azərbaycan Prezidenti bildirdi ki, verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq ya da ki, yeni binalar tikiləcək. Ölkə prezidentinin fikrincə, kredit şərtləri elə olmalıdır ki, ipotekaya maraq artsın.

Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramov da Hafta.az-a danışıb. O bildirib ki, sosial ipoteka kreditlərinin güzəştli olduğunu nəzərə alsaq, bu xüsusən sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələrin sözügedən vəsaitdən yararlanmasına imkan verəcək:

“Bu ən azı 5 min ailənin sadəcə sosial ipoteka kreditindən faydalanaraq, öz mənzil problemini həll etməsi deməkdir. Eyni zamanda, ipoteka kreditləşməsi aktiv tələb formalaşdırsa da, kreditin mərhələli ayrıldığını və maliyyələşmənin əsasən Bakının 2-ci və 3-cü zonalarına təsir göstərdiyini, əmlak bazarındakı tələbin mövcud səviyyəsini nəzərə aldıqda mənzillərin qiymətində yaxın zamanlarda artımlar proqnozlaşdırılmır”.

Ekspert bildirib ki, dövlət başçısının da qeyd etdiyi kimi ipoteka proqramın şərtlərinin təkmilləşdirilməsinə ehtiyac var:

“Bu istiqamətdə nələrin edilməsinə ehtiyac var? Kreditlərin verilməsi üçün ayrılan vəsaitin həcminin artırıldığını nəzərə alaraq, sosial ipoteka üçün maksimum məbləğin artırılması vacibdir. Nəzərə alaq ki, bu kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin ə azı 75 min manatadək artırılması məqsədəuyğundur. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi vacibdir. Bunun üçün uzun müddət müzakirə edilən 2 praktikadan istifadə edilməsi mümkündür”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net