AZAL-ın "göylə gedən" qiymətləri CİDDİ QINAQ
Tarix: 13-07-2015, 17:18 | Çap et
AZAL-ın "göylə gedən" qiymətləri CİDDİ QINAQ
bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında AZAL-dakı qiymətlərlə bağlı məsələ də müzakirə edilib. Müzakirələr əsnasında ölkə başçısı AZAL-da qiymətlərin yuxarı olmasına öz iradını bildirib.

Məsələ ilə bağlı araşdırmamız nəticəsində aşağıda, prezidentin haqlı tənqidinə səbəb olan bəzi nüasnları qeyd etdik.

Bu gün Azərbaycan vətəndaşı Bakıdan İstanbula təyyarə ilə (biznes klass) gedib gəlmək üçün təkbaşına biletə 1310 (ekonom klass 320) manat, Londona 1242 (752) manat, Kiyevə 1016 (410) manat ödəməlidir. Ancaq qonşu, dost ölkələrin paytaxtından, məsələn Tiflisdən, Kiyevdən adını çəkdiyimiz məkanlara uçmaq üçün müvafiq olaraq təqribən 328 (177) manat, 1100 (524) manat, 656 (277) manat kifayət edir.

Yəni, göründüyü kimi, "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təqribən iki dəfə bahadır.

Bəs AZAL-da qiymətlər digər ölkələrlə müqayisədə nə qədər bahadır?

Tanınmış iqtisadçı Oqtay Haqverdiyev bu məsələ ilə bağlı Hafta.az-a danışıb. O bildirib ki, həqiqətən də AZAL-da qiymətlər artıq “göyə uçmaq” üzrədir:

“Digər kampaniyalar biletləri ucuz satır, insanların əksəriyyəti alır və gedir. Amma AZAL qiymətləri ucuzlaşdırmaq əvəzinə, daha da bahalaşdırır. Xarici ölkələrdə mövsümlə əlaqədar olaraq qiymətlərdə endirimlər olur. Bizdə isə əksinə, daha da bahalaşdırılır. Ümimiyyətlə, qiymət artımının bizdə iqtisadi əsası yoxdur. Görünür, bunu ancaq qazanc əldə etmək üçün edirlər. Buna başqa cür ad qoymaq doğru deyil. Azərbaycan son illər istər nəğd pula, istər lizinq, istərsə də kredit yolu ilə bir neçə təyyarə alıb, köhnə hava nəqliyyatları təzələnib. Bəlkə, bura xərclənən pulu çıxarmaq üçün bir səbəbdir ki, billet baha olsun. Bank kreditləri ilə alınsa belə, onun dəyəri 20 il ərzində ödənməlidir. Amma, yenə deyirəm, qiymətin baha olmasının iqtisadi əsası yoxdur. Bunun dərinliyinə gedəndə, görəcəksiniz, burada məqsəd insanların öz təyyarələrimizdən normal qiymətlə billet satmaq, xidmət göstərmək yox, daha çox pul qazanmaqdır. Halbuki vətəndaşımız xeyri öz şirkətinə verə bilər. Ölkə başçısı haqqlı olaraq AZAL-dakı qiymətləri tənqid edib. Doğrudan da vəziyyət acınacaqlıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli də Hafta.az-a açıqlamasında AZAL-dakı qiymətlərdən danışıb:

“Azərbaycanda AZAL inhisarçı mövqeyindən istifadə edib qiymətləri tənzimləmək istəmir, həm də bazara daha ucuz xidmət göstərən şirkətləri buraxmır: “Bazarda AZAL-ın ciddi rəqibləri olmadıqca, bu proses davam edəcək. Qiymətlərin aşağı düşməsi üçün mütləq rəqabət mühiti yaradılmalıdır. Hesab edirəm ki, Hava Limanı AZAL-dan ayrılmalı, başqa bir şirkət tərəfindən işlədilməlidir, yaxşı olar ki, Tiflisdə də olduğu kimi, Türkiyə şirkətinə icarəyə verilsin .AZAL təbii inhisarçı kimi rəqabət qanunlarını pozduğu üçün, azı 3 yerə parçalanmalı, idarəetməsi dəyişdirilməlidir. Digər xarici aviaşirkətlərə bazara giriş izni sadələşdirilməli, AZAL-ın buna təsir imkanları sıfırlanmalıdır. Ölkə reqional “xaba” çevrilmək istəyirsə, daha çox açılmalı, vizalar götürülməlidir.

Lisenziya almaq asanlaşdırılmalı, ölkə Ümümdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalıdır ki, bəhanələrlə bazara oyunçu buraxmamaq praktikasına son qoyulsun. Gürcüstanda da bir hava alanı var. Amma onlar ÜTT-ə üzv olduqları üçün ümumi oyun qaydalarına uyğun fəaliyyət göstərirlər”.

Qeyd edək ki, yay mövsümü olduğu üçün, Azərbaycanda xaricə istirahət üçün uçan vətəndaşların sayında kəskin artım müşahidə olunub. Sosial şəbəkələrdə də sadə vətəndaşlar AZAL-dakı qiymətlərin baha olmasından şikayətlənirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net