İlham Əliyev Cahangir Hacıyevi niyə işdən qovdu?
Tarix: 30-03-2015, 09:20 | Çap et
İlham Əliyev Cahangir Hacıyevi niyə işdən qovdu?
Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyevin gözlənilmədən “səhhətinə” görə istefaya getməsi ərtafında mübahisələr səngimir. Bu da təsadüfü deyil. Ölkənin ən iri bankına 14 il rəhbərlik etmiş C.Hacıyev bank-maliyyə sektorunun önəmli simalarından biri olmaqla yanaşı, ölkə prezidenti İlham Əliyevin ən yaxın çevrəsinə daxil olan şəxs kimi tanınırdı.
Üstəlik də C.Hacıyev hökumətin ən nüfuzlu nazirlərindən sayılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın qohumluq münasibətləri var – onlar bu yaxınlarda quda olublar. Ona görə də C.Hacıyevin istefası ictimaiyyət üçün qaranlıq olaraq qalır.
İstiqlal.az bununla bağlı maraqlı məlumatlar əldə edib. Etibarlılığı şübhə doğurmayan mənbə istiqlal.az-aq bildirib ki, C.Hacıyevin istefaya göndərilməsinin kökündə devalvasiyadan öncəki dollar alveri durur: “C.Hacıyev devalvasiya qərarından öncədən xəbərdar olub və iri kapital sahiblərinin sərəncamından olan manatı dövlətin sərəncamında olan dollarlarla dəyişib ki, bu da dövlətə çox baha başa gəlib. Bu alverdən C.Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib”.
Mənbə onu da bildirir ki, Mərkəzi Bankın ilkin qərarı yumuşaq devalvasiya olub: “Ancaq C.Hacıyevin bir neçə milyardlıq dollar alverindən sonra dövlətin sərəncamında olan valyuta ehtiyatı xeyli azalıb və Mərkəzi Bank sərt devalvasiyaya məcbur olub. Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov prezidentə məruzəsində yaranmış situasiyaya görə Cahangir Hacıyevin günahkar olduğunu bildirib və dövlətə nə qədər ziyan vurduğunu konkret rəqəmlərlə əsaslandırıblar. Bundan sonra prezident C.Hacıyevin vəzifəsindən uzaqlaşdırılması barədə S.Şərifova göstəriş verib. Və C.Hacıyev 50 yaşında “xəstəliyi” ilə bağlı istefaya göndərilib”.
Mənbə deyir ki, prezident İlham Əliyev konkret ad çəkməsə də fevralın 24-də Mingəçevir səfərində “devalvasiyada bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə edirdilər” deyəndə konkret olaraq C.Hacıyevi nəzərdə tutub.
Yada salaq ki, prezident fevralın 24-də Mingəçevir səfərində devalvasiya ilə bağlı fikirlərini açıqlamışdı: “Bölgədə iqtisadi sahədə gedən xoşagəlməz proseslər, əlbəttə ki, bizə də təsir göstərmişdir. Bir neçə gün bundan əvvəl manatın məzənnəsində dəyişiklik edilmişdir. Qeyd etməliyəm ki, biz 2006-cı ildə pul islahatı keçirdik, 2005-ci ildə belə qərar verilmişdi. 2006-cı ilin əvvəlindən bizim pul islahatlarımız artıq başa çatmışdır. Təbii ki, yaşlı nəsil bunu xatırlayır, o vaxta qədər 1 dollar 5 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 dollar 1 manat oldu və on il ərzində manat getdikcə dollara nisbətdə güclənirdi. Əslində bu, bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərirdi. Ancaq, eyni zamanda, qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlamışdır. Üstəgəl dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərmişdir. Eyni zamanda, əlbəttə ki, manatın məzənnəsinin getdikcə artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdir ki, manat bir az ucuzlaşsın. Mən yanvar ayında regionların sosial iqtisadi inkişafının yekunlarına həsr edilmiş konfransda bu barədə öz fikrimi açıq şəkildə bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar. Bu, heç kəs üçün sürpriz olmasın. O vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb, bu, iqtisadiyyatımıza mənfi təsir göstərir.
Regionda baş verən hadisələr və dünyada neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarır. Bu, birinci siqnal idi. Ondan sonra Mərkəzi Bankımız açıqlama vermişdir ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı. Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı.
Eyni zamanda, bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın”.
Mənbə onu da bildirir ki, C.Hacıyevin istefasından sonra Beynəlxalq Bankda və onun özəlləşdirdiyi ASC-lərdə maliyyə təftişinə başlanılıb: “C.Hacıyevin dövlətə vurduyu ziyanın həcmi müəyyənləşdirilir. Təftiş yekunlaşan kimi ziyanın dövlətə ödənilməsi ilə bağlı qərar qəbul ediləcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net