“AER” firmasının rəhbəri: “Azərbaycanda təbii südlə dondurma buraxan yeganə müəssisə bizik”
Tarix: 1-07-2015, 13:16 | Çap et
“AER” firmasının rəhbəri: “Azərbaycanda təbii südlə dondurma buraxan yeganə müəssisə bizik”
“AER” dondurma firmasının təsisçisi Adil Şərifov Modern.az saytının suallarını cavablandırıb.

- Dondurma bazarındakı vəziyyəti necə qiymətləndirmək olar? Bu sahədə sizin rəqibləriniz varmı? Bu sahədə rəqabət sizi qane edirmi?

- Dondurma işinə 1998-ci ildən başlamışıq. Firmanın adı AER, mənası Adil, Elşən, Rövşən, yəni üç qardaşlar deməkdir. SSRİ dağılandan sonra Azərbaycanda dondurma bazarında əksər işlərin pioneri bizik. Azərbaycana ilk dəfə 2003-cü ildə kompüter və robotla idarə olunan Tetra Pak avadanlığını bizim firma gətirib. Digər firmalar bizdən 2-3 il sonra bu addımı atıblar. Bu gün təbii südlə dondurma istehsal edən yeganə müəssisə bizik. Qalan müəssisələr quru süddən istifadə edir. AER firması dondurma istehsalında İsmayıllı rayonundakı keçmiş Nikitin adına kolxozun fermasının süd məhsulunu istifadə edir. Bundan əlavə, Beyləqan, İmişli, Sabirabad rayonlarında süd qəbulu məntəqələri açmışıq. Əhalidən südü toplayıb istehsalda istifadə edirik. Ən çox öyündüyümüz məqam budur ki, ailəsini süd məhsulu ilə dolandıran kənd zəhmətkeşlərinə dəstək verə bilirik. Bu işi gündən-günə genişləndirəcəyik. İstehsal etdiyimiz dondurmaların çeşidi artıq 100-ə çatıb. Avropa standartından da yüksək səviyyədə dondurmaları yerli bazara çıxartmışıq. Xaricdən gələn dondurmaların həcmi gündən-günə azalır.

2000-ci ildə Azərbaycana xaricdən 3-4 min ton dondurma gətirilirdisə, bu gün inimuma çatıb. Bunun qarşısını biz və bizim davamçılarımız olan yerli istehsalçılar keyfiyyətli dondurma istehsal edib, qiyməti tarazlayıb bazara uyğun formada satmaqla nail olduq. Nəticədə xarici dondurmalar yerli bazarımızdan yavaş-yavaş çıxır.

- Yerli və xarici dondurma istehsal edən firmalar arasında rəqabət varmı?

- 2000-ci ildə Azərbaycana dünyanın 10-15 ölkəsindən 50 şirkətin dondurması gəlirdisə, indi bu say 3-4 arasındadır. Bu, yerli dondurma firmalarının gücü sayəsində baş verdi. Standartlara uyğun dondurma istehsalı ilə xarici firmalar geri çəkilib. 5 il bundan öncə bir marketdə 2 yerli dondurma firmasının soyuducusun görmək olardı. İndi yerli istehsal olan 6-7 firmanın soyuducusu var və dondurması satılır. Bunun özü rəqabət, qiyməti tənzimləmək, məcburən keyfiyyətli dondurma istehsal etmə deməkdir.

- Qeyd etdiniz ki, xarici bazara da dondurma ixrac edirsiniz. Xarici dondurma firmaları arasındakı rəqabət sizi qane edirmi?

- İlk növbədə ölkə daxilində olan rəqabətə tab gətirdik, dözdük və bu gün bazarda varıq. Gürcüstan bazarında 5 il dondurma satdıq. Deməli, biz bu bazarın bütün tələblərinə cavab verə bildik ki, dondurmaları sata bildik. Artıq İraqa da dondurma satırıq. Həmin bazara ötən həftə 20 ton dondurma göndərmişik. İkinci sifarişi də hazırlayırıq. Deməli, İraq bazarındakı rəqabətə də tab gətirə bildik. İraqın bir tərəfində İran, digər tərəfində Türkiyə var. Bizim dondurmamız həm keyfiyyət, həm də qiymət baxımından o iki ölkənin dondurmasını bazar rəqabətində sıxışdırdı. Həmin məhsulların üzərinə yazılıb ki, Azərbaycanda istehsal edilib. Biz bununla fəxr edirik. Çünki biz də ölkəmizin bayrağını bu cür qaldırırıq. Firmamız bu gün Qazaxıstan bazarında da dondurma satmağa tam hazırdır. Nəqliyyatla bağlı problemlər həll olunduqdan sonra yaxın günlərdə Qazaxıstanda da AER-in dondurması yeyiləcək.

- Firmanın növbəti hədəfi, planları nədir?

- Hədəfimizdə Türkmənistan və Rusiya bazarlarına dondurma satmaq da var. İxracı daha da gücləndirmək məqsədimiz var. Məqsədimiz daxili bazarda daha çox güclənmək və yeni çeşiddə dondurmalar istehsal etməkdir. Bu günlərdə biz tort dondurma istehsalına da başlamışıq, artıq satışı marketlərdə var. Hətta sifarişini çatdıra bilmirik. AER firmasından başqa bu dondurma növü ilə məşğul olan ikinci bir firma yoxdur. Avropada, Çində, Rusiyada, Türkiyədə, İranda sərgilərdə oluruq və bu ölkələrdə yeni nə görürüksə, çalışırıq onu Azərbaycanda da tətbiq edək.

- Qeyd etdiniz ki, dondurma istehsalında təbii məhsulların istifadəsinə üstünlük verirsiniz. Süd tez xarab olan məhsuldur. Ətraf regionlardan yığılan südün gətirilmə prosesində onun tərkibinin dəyişməsi ilə bağlı problem yaşanırmı?

- Dondurmanın tərkibində olan əsas komponentlər süd, şəkər və yağdır. Biz Finlandiyadan “Valio” yağı alıb dondurma istehsalında istifadə edirik. Südün gətirilməsi prosesini bu formada qurmuşuq: süd inəkdən sağılan kimi müsbət 3-5 dərəcədə dərhal soyudulur. Bunu etməsək, o südü paytaxta gətirmək olmaz. İvanovka kəndində yerləşən fermada böyük soyutma avadanlıqları quraşdırılıb, rayonlarda isə 10-15 yerdə süd qəbulu məntəqəsi var. Süd sağılandan yarım saat sonra əhalidən toplanıb bu soyuducu mərkəzlərində saxlanılır. Daha sonra firmanın xüsusi maşınları ilə süd gətirilib dondurma istehsalında istifadə edilir. Əgər südü 3-7 dərəcəyə qədər soyuda bilirsənsə, onu iki gün müddətində hara desən daşımaq olar. Biz bu texnologiyanı birdən-birə yox, 5 il əziyyət çəkib öyrənmişik.

- Südlər qarışıq yığılır, yoxsa bunun elə bir fərqi yoxdur?

- Yaxın gələcəkdə öz fermamızı yaratmaq istəyirik. Hətta çalışacağıq ki, ayrıca keçi ferması da yaradaq. Çünki keçi südündən daha keyfiyyətli dondurma istehsal etmək olur. Ferma qurmaqda əsas məqsəd toplanılan süd məhsulunun ehtiyaclarımızı ödəməsidir. Südə gəldikdə, dondurma istehsalında ən yararlısı inək südüdür. Qoyun südünün dondurma istehsalında istifadəsi məqsədəuyğun deyil. Keçi südündən daha dadlı dondurma istehsal olunur. Növbəti illərdə hədəfimizdə sırf keçi südü ilə hazırlanan dondurmasını istehsalı dayanır.

- Dondurmanın yararlılıq müddəti necə tənzimlənir?

- Azərbaycan standartına görə dondurmanın saxlanma müddəti mənfi 18 dərəcədən yuxarı temperaturda 10 aydır. Digər ölkələrin standartlarına görə dondurmanı 12-24 aya qədər saxlamaq mümkündür. Yerli bazar standartlarına uyğun olaraq biz də qablaşdırmanın üzərində istehsal tarixi ilə son istifadə tarixini yazırıq.

Yeni texnologiyalarla dondurmanı 12, 16, hətta 24 aya qədər saxlamaq mümkündür. Yəqin ki, yerli istehsalçılar buna hazır deyil. Buna görə də bizim standartımıza 10 ay saxlanma müddəti qoyulur.

Dondurma istehsal müəssisənin anbarında mənfi 18-24 dərəcə arası temperaturda saxlanmalıdır. Dondurma daşıyan maşınların temperaturu mənfi 18-24 dərəcə olmalıdır. Satış nöqtəsində dondurma xüsusi soyuducularda saxlanılmalıdır. 2000-ci ildə Azərbaycanda belə soyuducu çox az idi. 1998-99-cu illərdə dondurmanı quru buz ilə saxlayırdılar. Buz əriyib qurtarandan sonra dondurma ya yeyilməli, ya da atılmalı idi. Əgər mağaza standartlara uyğun deyilsə, o soyuducunun üstünə günəş şüası düşürsə, təbii ki, o dondurmanın keyfiyyəti itəcək. Əriyib təkrar donan dondurmanın keyfiyyəti itir. Məsulun tərkibində olan yağla su bir-birindən ayrılırsa su donur, yağ dona bilmir.

- Dondurma elə bir məhsuldur ki, onun satışı mövsümi xarakterli olur. Təbii ki, firma qış aylarında dondurma istehsalı ilə məşğul olmur. Bu zaman nə işlə məşğul olursunuz?

- Həqiqətən də dondurma Azərbaycan üçün mövsümi istehsal sahəsidir. Azərbaycanda dondurmanın istehsalı aprel ayında başlayıb sentyabrda bitir. Havanın temperaturu düşən kimi camaat dondurma yemir. Bizim mentalitetimizdə bu cürdür.

Firmada 150 işçi istehsalatda çalışır, satışı 500-600 nəfər həyata keçirir. Mövsümü olsa belə, 1000 nəfər insana çörəkpulu verə biliriksə, bu bizim uğurumuzdur.

İlin 6 ayını işləyib 6 ayını boş qalmamaq və işçiləri itirməmək üçün firmamız ötən ilin sentyabr ayından süd məhsullarının istehsalına da başlayıb. Firma eyni adda pendir, ayran, qatıq, dovğa, xama, kəsmik və digər süd məhsullarının istehsalına başlayıb. Bu da 12 ay ərzində istehlakçılar üçün tələb olunan qidadır. Beləliklə, biz süd məhsullarını 12 ay, dondurma istehsalını isə 6 ay işlədirik.

- Firmanıza hansısa formada iradlar olurmu?

- Azərbaycanda 20-yə qədər dondurma istehsalı ilə məşğul olan firma var. Bunlardan təxminən 7-8-nin adı var. Yerdə qalan 12-i isə irəliləməyə, böyüməyə çalışır. Dünyanın bəzi yerlərində, məsələn, Rusiyada dondurmaçılar ittifaqı var. Bu qurum ölkədəki dondurma firmalarını ildə 2 dəfə bir yerə toplamaq, problemlərini qaldırmaq və problemlərin həllinə xidmət edir. Azərbaycanda buna bənzər bir qurum yoxdur. Keyfiyyət, tələb və standartlarla bağlı problemlər hər zaman var və həmişə olacaq. Dondurma istehsalı ilə məşğul olan firmaların ən böyük nöqsanı birliyimizin olmamasıdır. Belə bir təşkilatımız yoxdur ki, aramızdan iki nəfər gedib Gömrük Komitəsinə desin ki, bizim bu kimi problemlərimiz var.

- Firma olaraq hansı çətinliklə üzləşirsiniz?

- Çətinliklərimiz həmişə olub, bu gün də var. Məsələn, 20 il bundan öncə elektrik, qaz, su kəsintisi baş verirdi. Bu, istehsalçıya birbaşa təsir edən problemlər idi. Amma indi xüsusi avadanlıqlar sayəsində bu çətinliklər öz həllini tapıb.

Bu gün ən böyük problemimiz kadr çatışmazlığıdır. Texniki işlər görməyə usta, işlətməyə kadr tapmaqda çox böyük çətinliklər çəkirik.

Ən yeni Amerika üsulu ilə tort istehsal etmək istəyirdim. 10 gündür tortun üzərini bəzəmək üçün bir xanım tapa bilmirəm. Çünki onu öyrədən peşə məktəbi yoxdur. Hətta firmaya təcrübə üçün gələn tələbələr deyir ki, müəllim imzanızı çəkin çıxım gedim, onsuz da bu sahəni işlətməyəcəyik. İnsanlarımız çox tənbəldir, işləmək istəmirlər. İrana, Təbrizə, Tehrana gedirəm, orada insanların qarışqa kimi işlədiyini görürəm.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net