Kreditlə bağlı yeni qərarın vətəndaşa nə xeyri var?- İzahı
Tarix: 30-06-2015, 16:24 |
Çap et
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bank ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən istehlak kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib.
“Qafqazinfo” xəbər verir ki, AMB-nin yeni qərarı müştərilərin lehinə olsa da, onlar bundan xəbərsizdir. Buna görə də, məsələnin aktuallığını nəzərə alaraq kreditin rəsmiləşməsi üçün tutulan komissiya haqqının nə demək olduğu barədə ekpertlərin izahını oxuculara təqdim edirik.
Ekspert Vüqar Bayramov qeyd edir ki, uzun müddət komissiya haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metod idi: “Bəzi kommersiya bankları hətta 8-10 faizlik komissiya haqları təklif edirdilər. Bankların”faiz tələsi” əslində çox sadə idi: banklar faizi elan edirdilər, amma komissiya haqlarının faizini bildirmirlər.
Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komissiya haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirdi. Bu zaman müştəri iki sənədə qol çəkirdi - 540 manatlıq kreditin alınması və 40 manatlıq komissiya haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilirdi. Buna baxmayaraq kredit faizləri 500 manatdan deyil, 540 manatdan hesablanırdı. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olurdu.
İndi isə vəziyyət fərqli olacaq, 500 manatlıq kredit götürən şəxs cəmi 5 manat komissiya haqqı ödəyəcək. Bunu isə kredit formasında deyil, birbaşa nəğd şəkildə edə bilər ki, bu da imkan verəcək ki, faizlər kreditin öz, əsas məbləğindən 500 manatdan hesablansın. Deməli, bu halda nominal və real faizlər eyni olacaq və praktik olaraq müştəri aldadılmayacaq”.
Digər ekpert Rəşad Həsənov isə məsələni bu cür izah edir:
“Əslində banklar bu günədək izlədiyi faiz siyasəti parçala hökm sür siyasəti idi və pulun satış qiyməti( kredit faizləri) digər xərclər üzrə paylaşdırılaraq vətəndaşa daha kiçik göstərilirdi. Bu daha çox komisya xərclərində özünü göstərir.
Məsələn: 1 il ərzində 24%-lə 1000 manat kredit fərqli komisyon faizləri ilə;
1)Komissiya=8%,cəmi ödəmə 1135 m, əldə qalan pul 920 m, xərc 215 m
2)Komissiya=5%,cəmi ödəmə 1135 m, əldə qalan pul 950 m, xərc 185 m
3)Komissiya=2%,cəmi ödəmə 1135 m, əldə qalan pul 980 m, xərc 155 m
4)Komissiya=1%,cəmi ödəmə 1135 m, əldə qalan pul 990 m, xərc 145 m
Başqa sözlə, birinci halda vətəndaş krediti 40, ikinci halda 35, üçüncü halda 28 və dördüncü halda isə 26 FAİZ-lə əldə etmiş olur. Göstərilən nümunədə eyni faiz dərəcəsi, lakin fərqli komissiya xərcləri ilə təqdim olunan kredit şərtlərini təqdim etməklə əslində vətəndaşın "xırda şeydir" deyib keçdiyi komisyon faizlərinin əslində necə əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırmaq üçündür”.