Təcili yardımın sürücüsü: “Piyadanı “Cip” vurdu, mənim üstümə atdılar”
Tarix: 10-06-2015, 17:47 |
Çap et
“Təcili yardım maşını ilə gedəndə yolda maşın vurmuş piyadaya kömək etdiyimə görə 3 ildir məhkəmələrdə sürünürəm. Bunun nəticəsi də məhkəmənin mənə 4 il şərti iş verməsi oldu”.
Bunu virtualaz.org saytına müraciətində keçmiş təcili yardım işçisi Ağarza Səlimov deyib.
Haqsız yerə cəzalandırıldığını deyib bundan şikayətlənən A.Səlimov söyləyir ki, onun tək günahı yolda vurulmuş piyadaya kömək etməyə çalışması olub: “Mən 2004-cü ildən Bilgəh qəsəbəsi, 14 saylı təcili tibbi yardım məntəqəsində sürücü işləyirəm. Hadisə baş verən gün yəni, 2012-ci il, avqustun 10-da saat 23 radələrində bizə çağırış gəldi. Mənimlə birlikdə bir həkim və bir tibb bacısı Maştağa-Zabrat yolu ilə çağırış gələn yerə, yəni Ramana südçülük sovxozuna yola düşdük. Biz mənim idarə etdiyim “Mercedes Benz Vito 111 CDİ” markalı, 90 JD 669 dövlət nömrə nişanlı avtomobillə gedirdik. Yolun Maştağaya gedən istiqamətində hərəkət edən maşın isə - sonralar şahidlər onun “Pajero” markalı cip olduğunu dedi - əvvəlcə piyada Səfiyar Fərzəliyevi, daha sonra isə mənim maşınımı vurub qaçdı. Əvvəlcə maşın bir az səndələdi, sonra dayandı. Həkimlə tibb bacısı maşından düşdü və bizi çağırdılar ki, yaralı var. Mən dərhal maşını döndərib vurulan piyadanın yanına gətirdim. Çünki yol qaranlıq idi, maşının işıqlarını yandırdım ki, həkimlər yaralıya kömək edə bilsin. Onlar nəbzini yoxladı və dedilər ki, yaralı keçinib. Daha sonra isə polis gəldi və maşını cərimə meydançasına apardılar”.
Təcili yardım sürücüsü deyir ki, maşını vurulan piyadanın yanında saxlaması ilk baxışda piyadanı onun vurması təəssüratını yaradıb: “Halbuki avtomobilin vəziyyətindən görmək olur ki, o, adamla yox, avtomobillə toqquşub. Bunu ekspertiza da təsdiqləyir. Məhkəmədə isə deyirlər ki, bəlkə sən piyadanı vurandan sonra başqa maşınla toqquşmusan. Sübut edə bilmirəm ki, mən yaralının yanına gələn kimi adamlar toplaşıb və daha sonra polis gəlib. Başqa maşını harada vurdum?
Hadisə yerində ilkin istintaqdan sonra polis məni Bakıxanov qəsəbəsindəki müvəqqəti saxlama təcridxanasına apardı və 3 gün orada qaldım. Qəza 2012-ci ildə baş verib, 3 ildir məhkəmə gedir və mayın 12-də yekunlaşdı. Məhkəmədə dövlət ittihamçısı mənə 5 il yarım həbs cəzası tələb edirdi, amma hakim fərqli qərar çıxardı və məntəqə tipli cəzaçəkmə müəssisəsində olmaqla 4 il 11 ay müddətinə azadlıqdan məhrum edildim”.
Təcili yardım maşınını yüksək sürətlə sürmək olmaz?
Ağarza Səlimov deyir ki, dövlət ittihamçısı ona təcili yardım maşınını bərk sürməyi irad tutur: “Halbuki mənim çağırışa getməyim barədə kağızım var. Bundan başqa təcili yardım maşının xüsusi işığı - “meqalkası” da yanırdı. Təcili yardım maşınının yüksək sürətlə sürmək olmaz? Biz çağırış üçün gedirdik və çağırılan yerə maksimum tez çatmalı idik. Bu, qanun pozuntusu sayıla bilməz axı”.
Şikayətçi məhkəmənin qərarı ilə razılaşmadığından apelyasiya şikayəti verdiyini deyir. Bundan başqa ombudsmana da müraciət edən A.Səlimov deyir ki, ona məhkəmə qərarını gözləmək, hökm oxunandan sonra isə appelyasiya şikayəti vermək tövsiyə olunub: “Hazırda məhkəmənin qərarına görə 3 il müddətinə sürücülük vəsiqəm əlimdən alınıb və cəzama görə hər ay 100 manat ödəniş edirəm”.
Hadisənin şahidi olmayanların “şahid ifadələri”
“Pajero” markalı avtomobili görən şahidə gəlincə isə A.Səlimov həmin şəxsin, eləcə də təcili yardım maşınında onunla birlikdə olan həkim və tibb bacısının da məhkəmədə ifadə verdiyini deyir: “Maşının piyadanı vurmasını gözü ilə görən şahid, “Zil” markalı avtomobilin sürücüsü Zamin Kazımova çoxlu çaşdırıcı suallar ünvanlandı. O da savadsız uşaq olduğuna görə cavablarında ziddiyyətlər oldu. Buna görə də məhkəmə onun ifadəsini mötəbər sübut saymadı. Qarşı tərəfin isə hadisəni görməyən 4 nəfər şahidi var. Hamısı ifadəsində deyir ki, tappıltı səsi eşidib çıxıblar, amma onların ifadəsi məqbul sayılır, hadisəni görən “Zil” sürücüsünün isə yox”.
Məsələnin digər maraqlı tərəfi isə odur ki, ölən piyadanın qohumları hadisənin səhəri gün Ağarza Səlimovla görüşüb və ona deyiblər ki, qohumlarını onun öldürmədiyini bilir və onu vuran maşının nömrəsini istəyirlər. A.Səlimov isə maşının nömrəsini görmədiyini deyib. Amma sonra...
“Sonra isə ölən piyadanın oğlu məhkəmədə bizdən 6000 manat pul istədi ki, əvəzində şikayəti geri götürsün. Mənim isə nə o qədər pulum var, nə də eləmədiyim cinayətə görə pul ödəyə bilərəm” - deyə A.Səlimov bildirir.
Bəs ekspertizanın rəyi nə deyir?
A.Səlimov deyir ki, ekspertiza rəy verir ki, onun idarə etdiyi maşın maşınla toqquşub: “Hətta məhkəmənin hökmündə də də qeyd olunur ki, mənim idarə etdiyim maşındakı zədələr maşınla toqquşma zədəsi xarakterlidir. Bundan əlavə mən o adamı vurmuşamsa, maşında onun qanı, ya da ona aid hər hansısa iz qalmalıdır, halbuki heç biri yoxdur. O adamı həqiqətən vursam, etiraf edib cəzamı çəkərdim, amma kömək etməyə çalışmaqdan başqa heç nə etməmişəm”.
Məhkəmənin qərarında qeyd olunur ki, A.Səlimov Sabunçu RPİ 14-cü polis bölməsində verdiyi ilkin izahatında piyadanı vurduğunu, amma hadisəni qəsdən törətmədiyini və piyadanın öldüyünü təsdiqləyib.
Şikayətçi isə deyir ki, bu izahat onun dediyi kimi yazılmayıb və hadisə baş verən gecə qəzanın şokunda olub, eyni zamanda polis əməkdaşları ona çaşdırıcı suallar verib: “İzahatı imzalamadan əvvəl oxumadım, çünki gözlərim yaxşı görmür və latın qrafikalı əlifbanı yaxşı oxuya bilmirəm. Bu məsələdən sonra üç ildir xəstəxanalardayam, mədəm xəstəlik tapdı, dişlərim töküldü. Ailəmdə mənimlə həyat yoldaşımdan başqa oğlum, gəlinim və iki nəvəm var. İşləyən isə yalnız oğlumla həyat yoldaşımdır, ona görə maddi vəziyyətimiz də yaxşı deyil. Bacardığım tək iş sürücülükdür, vəsiqəmi də əlimdən alıblar deyə 3 ildir işsizəm və ədalətsizliklə üz-üzəyəm”.
P.S.Yazıda səslənən fikirlərlə bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.