Baş həkim: “Oksidləşmiş yağ qadağası işləməyəcək”
Tarix: 2-06-2015, 15:15 | Çap et
Baş həkim: “Oksidləşmiş yağ qadağası işləməyəcək”
1 iyundan Azərbaycanda ictimai iaşə müəssisələrində (kafe, restoran, otel və s. ) termiki oksidləşmə dərəcəsi 1%-i keçmiş frityur yağlarının istifadə olunması qadağan edilib.
Bu, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən AZS 804-2015 “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsullarıdır.
Ümumi texniki şərtlər” dövlət standartında ictimai iaşə məhsullarının (xörəklər, kulinariya məmulatları və kulinar yarımfabrikatları, çörək-bulka və unlu qənnadı məmulatlarının məcmusu) keyfiyyət və təhlükəsizliyinə ümumi tələblər sırasında yer alıb.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov açıqlamasında bildirib ki, söhbət qızartma yeməklər hazırlanarkən bir neçə dəfə istifadə edilən bitki yağlarından gedir:

“Əgər bitki yağlarında bir neçə dəfə tutaq ki, kartof qızardılarsa, o halda bitki yağları oksidləşir. Bu da sağlamlıq üçün ziyanlıdır. Ona görə də oksidləşmə dərəcəsi 1%-i keçmiş frityur yağlarının istifadə olunmasına qadağa qoyulması təqdir edilməlidir”. (APA) tair_amiraslanov12_
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, bu qadağa sovet dövründə də mövcud olub: “ Oksidləşmiş yağ həqiqətən də insan sağlamlığı üçün çox təhlükəlidir, hətta xərçəngə səbəb ola bilər. Fikirləşirəm ki, bu qadağaya həqiqətən də əməl olunacaq”.
8 saylı poliklinikanın baş həkimi Tamilla Kərimova isə bu qadağaya əməl olunacağına inanmır: “ Fikirləşirəm ki, kafe və restoranlarda hələ bundan sonra da bizə oksidləşmiş yağ veriləcək”.
Müxbirimizin “ Nə üçün belə düşünürsünüz?” sualına baş həkimin cavabı belə olub: “ Ona görə ki, ictimai iaşə müəssisələrinə nəzarət çox mürəkkəbdir. Kafe və restoranlarda yoxlama aparmaq üçün Ədliyyə nazirliyinin icazəsi lazımdır. Bu isə yoxlamaları çətinləşdirir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net