Ölkə ərazisində yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
Tarix: 29-07-2024, 10:53 | Çap et


Hazırda Gəncə-Qazax bölgəsində fasilələrlə leysan xarakterli yağış yağır, Qarabağ və Şərqi-Zəngəzur, Lənkəran-Astara bölgələrinin bəzi yerlərində isə zəif yağıntılı hava şəraiti müşahidə olunur. Balakən-Şəki və Quba-Qusar bölgələrində yağıntıda fasilə yaranıb.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 29-u axşamadək davam edəcəyi, iyulun 30-da isə havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

İyulun 29-da saat 8:30-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Bildirilib ki, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Vurğulanıb ki, düşən yağıntının miqdarı Lənkəranda 68 mm, Astarada 59 mm, Şəkidə 57 mm, Yardımlıda 42 mm, Lerik, Gədəbəydə 35 mm, Gəncədə 33 mm, Göygöldə 29 mm, Kürdəmirdə 26 mm, Şəmkirdə 24 mm, Şahdağda 22 mm, Tovuz, Qaxda (Sarıbaş) 19 mm, Daşkəsən, Zaqatalada 18 mm, Balakəndə 14 mm, Oğuzda 10 mm, Qubada 9 mm, Qusar, Qrızda 8 mm, Şirvanda 7 mm, Göyçay, Şamaxıda 6 mm, Sədərək, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Ağstafa, İsmayıllı, Göyçay, Kürdəmir, Xaltan, Beyləqan, Naftalan, Mingəçevir, Zərdab, Altıağac, Qobustan, Naxçıvan, Şərur, Ağdam, Sabirabad, Cəfərxan, Biləsuvar, Kəlvəz, İmişli, Cəfərxan, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə bir mm-dək olub.

Şimal-qərb küləyinin sürəti arabir sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 20 m/s, Neftçalada 16 m/s, Qax, Şirvanda 15 m/s-yə çatıb. "Neft Daşları" stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Daşkəsən, Göygöl, Göyçay, Naftalan, Şəmkir, Qrız, Şahdağ, Lerik, Şəki, Balakəndə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 20, Aran rayonlarında 22, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 29-da axşamadək davam edəcəyi, iyulun 30-da dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net