Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Tarix: 21-05-2024, 09:53 | Çap et
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bildirib ki, hər bir dəhlizin tutumu var: "Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olacaq bir layihədir. Zəngəzur dəhlizi Azərbaycanın Bakı şəhərindən başlayaraq Ermənistan və ya İran sərhədlərindən və Naxçıvandan keçərək əvvəlcə Qarsa, daha sonra Sivasa birləşən həm avtomobil yolu, həm də dəmiryolu xətti layihəsidir. Azərbaycan danışıqları davam etdirir. İranla da təmaslar davam edir. Müəyyən bir nöqtəyə gəlinib. Zəngəzur dəhlizi yaxın zamanda ya Ermənistan, ya da İran üzərindən tamamlanacaq. Bizi də türk dünyası ilə birbaşa birləşdirəcək". Uraloğlu əlavə edib ki, Naxçıvan tərəfdə mövcud bir xətt var: “İlkin mərhələdə bu xətt təkmilləşdiriləcək. Daha sonra yenidən qurulacaq. Tenderlər keçirilib, amma bu gün başlasa, orta hesabla beş il çəkəcək. Bu xəttin 2028-29-cu illərdə istismara verildiyini görəcəyik”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, türkiyəli nazir oxşar açıqlamanı bu il ərzində bir neçə dəfə səsləndirib:

"Türkiyənin nəqliyyat və infrastruktur nazirinin Zəngəzur dəhlizinin işə başlayacağı ilə bağlı əminliyi nə ilə bağlıdır? Axı Ermənistan Azərbaycanın maneəsiz dəhliz yanaşmasını qəbul etmir və bu, danışıqlarda irəliləyişin əldə edilməsinə əngəldir. Zəngəzur dəhlizi ilə bağlı razılıq olmasa da, Abdülkadir Uraloğlunun dəhlizlə bağlı ümidverici açıqlamaları ümumi işin xeyrinədir. Ankara ilə İrəvan arasında dialoq davam edir və mümkündür ki, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılmasıyla bağlı üzərlərinə müəyyən öhdəliklər götürüblər. İrəvanı tələsdirməyə məcbur edən başqa gedişat da var. Ermənistan Zəngəzur dəhlizini yubadacağı halda İrandan keçən Araz dəhlizi işə düşəcək. Bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq və Orta dəhlizin tərkib hissəsi ola bilməyəcək. Qeyd edim ki, Azərbaycan və İran prezidentləri “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi ilə əlaqədar Araz çayı kənarında görüşdülər. Prezidentlərin Araz kənarı ilə dəmiryolu xəttinin tikintisi mövzusunu da müzakirə etdikləri ehtimalı yüksəkdir".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net