Aİ və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Bizim aktiv dialoqumuz davam edir.
APA xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərlə görüşündə deyib.
Səfir tərəflər arasında prioritet sahələrin olduğunu bildirib:
“Enerji, ticarət sahələri də bunların sırasındadır. Bu ilin vacib mövzusu olan iqlim dəyişikliyi ilə bağlı da əməkdaşlığımız var”.
Peter Mixalko Azərbaycana COP29-la bağlı dəstək verməyə, bu istiqamətdə təcrübələrini bölüşməyə hazır olduqlarını bəyan edib.
“Azərbaycan üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir ki, Aİ bu sahədə ən böyük donorlardan, dəstək verənlərindən biridir. Biz ölkənin müstəqilliyinin ilk illərindən bəri Azərbaycan vətəndaşları üçün vacib olan sahələrdə əməkdaşlıq edirik. Bura qida təhlükəsizliyi, məcburi köçkünlər, iqtisadi əməkdaşlıq sahələri daxildir. Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüsü bu günlərdə elan edəcəyik”, - diplomat vurğulayıb.
O, mina qurbanları ilə bağlı xəbərlərdən məyusluq hissi keçirdiklərini deyib.
"Bizim minatəmizləməsi prosesi ilə bağlı Azərbaycana dəstəyimiz üç istiqaməti əhatə edir: mina təmizləmə, bu proseslə bağlı maarifləndirmə kampaniyaları və minalardan əziyyət çəkən qurbanlara dəstək mexanizmləri”.
Səfir qeyd edib ki, Aİ Azərbaycanın ən fəal tərəfdaşlarındandır və bu tərəfdaşlıq ortaq prioritetlərə və dəyərlərə əsaslanır.