Bu gün işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın başlanğıcından - Ağalıya ilk köçdən 1 il ötür.
Oxu.Az xatırladır ki, 44 günlük müharibədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlara məcburi köçkünlərin qayıdışına imkan yaranıb.
Ermənistan işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilmiş dağıntıları, urbisidi, ekosidi və minalanma təhlükəsini nəzərə alaraq bir çox ekspertlər qayıdış üçün uzun illər tələb olunacağını qeyd ediblər. Lakin prezidentin Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərinə diqqəti nəticəsində Zəngilanın Ağalı kəndinə qayıdış 44 günlük müharibədən cəmi il yarım sonra baş tutub.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları və onun rifahı durur. Məcburi köçkünlərin tezliklə evlərinə qayıtmaq istəkləri bərpa-quruculuq işlərinin sürətlə aparılmasını şərtləndirən vacib amillərdən olub.
Ölkəmizin ərazisinin 20%-də dağıdılmış şəhər, kənd və qəsəbələri bərpa etmək, yeni şəhər və kəndlər tikmək, hətta böyük, iqtisadi cəhətdən güclü dövlətlər üçün də ciddi çağırış hesab olunur. Vaxtı ilə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün və uzaqgörən enerji və iqtisadı strategiya Azərbaycan dövlətinin siyasi və iqtisadi baxımdan müstəqilliyini, müasir cəmiyyət quruculuğunu təmin etdiyi kimi, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini yüksək səviyyədə və sürətlə aparmağa imkan verir. Azərbaycan dövləti kənardan heç bir yardım olmadan, öz gücünə işğaldan azad olunmuş əraziləri yenidən qurur, nəhəng infrastruktur layihələri reallaşdırır.
İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, Böyük qayıdış proqramının uğurla reallaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.
Ağalıda “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. 2022-ci il iyulun 19-dan başlayaraq Ağalı kəndinə qayıdış çərçivəsində dörd mərhələdə 41 ailə, təxminən 200 nəfər köçürülüb.
Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur.
Enerjiyə tələbat alternativ enerji mənbələri vasitəsi ilə təmin olunur. Kənddə, həmçinin Smart DOST, “ASAN xidmət”, Azərpoçt, Kiçik və orta biznesin inkişafı mərkəzləri fəaliyyət göstərir.
Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.
Cari ilin iyulunda Ağalıda ilk nişan mərasimi olub.
Ağalı kəndində canlanan həyatı əks etdirən videogörüntüləri təqdim edirik: