Azərbaycanın öz vətəndaşlarına İrana getməmək tövsiyəsi Tehranı qıcıqlandırıb - KİV
Tarix: 6-06-2023, 11:00 | Çap et
Azərbaycanın öz vətəndaşlarına İrana getməmək tövsiyəsi Tehranı qıcıqlandırıb - KİV

Bu ilin martında İrana səfər edəndən sonra yoxa çıxan Fərid Səfərli casusluqda ittiham olunur. Aylardır haqqında heç bir xəbər alınmayan azərbaycanlı tələbənin qonşu ölkədə oğurlandığı üzə çıxıb. Yalnız üç ay sonra ona İranda casusluq ittihamı irəli sürüldüyü məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara İrana getməməyi tövsiyə edib. Çağırış Tehranı qıcıqlandırıb.
Vertikal.az bizimyol.info-ya istinadla xəbər verir ki, bu haqda xarici mətbuat da yazır. İran Azərbaycanın bu ölkəyə lazımsız səfərlərlə bağlı xəbərdarlığını tənqid edib. Azərbaycan Xarici İşlər Nazirliyinin ötən şənbə verdiyi bəyanat Tehranda qıcıq oyadıb. İranda olan azərbaycanlılardan təhlükəsizlik tədbirlərinə əvvəlkindən daha çox riayət etmək xahişi yersiz sayılıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib ki, Azərbaycanın bu davranışı ötən həftə Bakıda səfərdə olan İsrail prezidenti İsaak Hersoqun siyasətinə bənzəyir. İsraillə İranın diplomatik əlaqələri yoxdur. Bu ölkə vətəndaşları qarşılıqlı şəkildə səfərlərdən məhrumdurlar. Kənani İsrailə qarşı sərt sözlərlə hücuma keçərək Azərbaycan xalqının İrandan yox, İsraildən qorxmalı olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrail hakimiyyətini “saxta rejim”, hökumət nümayəndələrinin isə “uşaq qatili” adlandırıb. Halbuki “Freedom House” təşkilatının son hesabatında məhz İran rejimə qarşı çıxan mülki insanları öldürməkdə ittiham olunmuşdu. İsrail isə bölgədəki yeganə demokratik ölkə kimi fərqləndirilmişdi.

Xarici mətbuat yazır ki, İran və Azərbaycan arasında gərginlik 2022-ci ilin noyabrından hər iki tərəfin bir-birini terrorizmdə və casusluqda ittiham etməsindən sonra yüksək səviyyədədir. Yanvarda Tehrandakı səfirliyinə silahlı hücumdan sonra Azərbaycan Tehrandakı diplomatik işi dayandırıb. Daha sonra İranın dörd diplomatı ölkədən çıxarılıb.

Tehran həmçinin Bakını İranın nüvə obyektlərinə mümkün hücum üçün onun ərazisindən istifadə etməyi planlaşdıran İsrail kəşfiyyatı və hərbi elementlərinə sığınacaq verməkdə ittiham edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net