Azərbaycan XİN rəhbəri Ermənistanla danışıqlar prosesində dinamikanı çox yüksək qiymətləndirib
Siz çox düzgün qeyd etdiniz ki, bu format ötən ilin sonunda planlaşdırılırdı, lakin hazırkı görüşün iştirakçılarından asılı olmayan səbəblərə görə həmin görüş baş tutmadı. Hazırkı görüşün təşkil edilməsini və Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində müşahidə olunan dinamikanı - may ayında baş tutan sıx təması nəzərdə tuturam, çox yüksək qiymətləndiririk.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşünün protokol hissəsində deyib.
“Düşünürəm ki, bu gün post münaqişə dövründə Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına aid olan bir sıra məsələləri, həmçinin Azərbaycan - Rusiya ikitərəfli münasibətlərini müzakirə etmək üçün imkanımız olacaq. Siz təmaslarda müşahidə olunan dinamika barədə danışdınız, mən isə xüsusilə onu da qeyd etmək istəyirəm ki, bizim görüşümüz keçirilən vaxtda paralel olaraq Kazan şəhərində Şahin Mustafayevin rəhbərlik etdiyi təxminən 80 nəfərdən ibarət böyük nümayəndə heyəti “Rusiya – İslam dünyası” tədbirində iştirak edir”, - nazir vurğulayıb.
Nazir, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə Rusiyada göstərilən xüsusi diqqətə görə ayrıca təşəkkür edib: “Dünən ölkəmizin səfiri ilə burada keçirilən tədbirlərin intensiv qrafikini müzakirə etmək imkanımız oldu. Səfir sizin dövlət orqanlarınızın, ictimai təşkilatlarınızın, vətəndaşlarınızın Heydər Əliyevin yubileyinə olan yüksək diqqətindən danışdı. Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin, dostluğunun simvolu və ölkələrimizi birləşdirən amil olub. Mən hesab edirəm ki, hazırkı görüş imkanından digər əhəmiyyətli məsələlərin müzakirəsi üçün də istifadə edəcəyik”.