Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2023”-ün qalibləri məlum olub.
APA-nın xəbərinə görə, kişilər arasında finişə ukraynalı Boqdan Simonoviç birinci, gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü çatıb.
Qadınlar arasında ukraynalı Natalya Simonoviç qalib olub. Finişə türkiyəli Hasibe Demir 2-ci, digər ukraynalı Valentina Poltavska 3-cü çatıb.
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2023” keçirilir.
APA-nın xəbərinə görə, 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir.
Budəfəki marafona 19 min 500 nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edir.
Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar var. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışır.
Yarışda, eyni zamanda, Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər də iştirak edir. Marafonda birinci start fiziki imkanları məhdud şəxslər və daun sindromlu uşaqlar üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulub.
“Küləyə qalib gəl” şüarı ilə keçirilən yarımmarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub, marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edir.