Sığorta agentlərinin fəaliyyəti məhdudlaşdırılır? - Mərkəzi Bankdan açıqlama
Tarix: 17-03-2023, 11:42 | Çap et
Sığorta agentlərinin fəaliyyəti məhdudlaşdırılır? - Mərkəzi Bankdan açıqlama

Son günlər nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində sığorta agentlərinin vasitəçi kimi iştirakının məhdudlaşdırıldığı deyilir.

Ekspertlərin qaldırdığı məsələyə görə, aprelin 1-dən sığorta şirkətləri icbari avtosığorta üzrə sığorta komissiyalarını azaldır ki, bu da sığorta agentlərinin komissiya ala bilməyəcəyini, nəticədə xidmət səviyyəsinin aşağı düşəcəyini göstərir.

Bildirilir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) da bu məsələdə sığorta şirkətlərini dəstəkləyir.

DİA.AZ bildirir ki, Mərkəzi bank avto-icbari sığorta şəhadətnamlərinin satışı üzrə sığortaçılar tərəfindən sığorta agentlərinə komissiya ödənilməsinin sıfırlanması barədə qaldırılan məsələyə dair mövqeyini "Ölkə.Az"a açıqlayıb.

Açıqlamada bildirilir ki, sığorta bazarının mühüm iştirakçılarından biri olan sığorta vasitəçiləri institutunun inkişafı Mərkəzi Bankın sığorta sektorunun inkişaf strategiyasının hədəflərindən birini təşkil edir. Sığorta vasitəçiləri sığorta bazarının diversifikasiyası, sığorta xidmətlərinin satış kanallarının genişlənməsi, əhalinin və biznes nümayəndələrinin sığorta savadlığının yüksəlməsi, bütövlükdə sığorta bazarının iqtisadiyyatda nüfüzetmə göstəricisinin dərinləşməsi baxımından mühüm rola malikdirlər.

Sığorta vasitəçilərinin, o cümlədən sığorta agentlərinin sığorta bazarının genişlənməsində rolunun gücləndirilməsi məqsədilə onların sayının artması, habelə onların müasir bilik və bacarıqlarının inkişafı Mərkəzi Bankın prioritet verdiyi istiqamətlərdən biri olduğu bildirilən açıqlamada son 3 ildə Mərkəzi Bank tərəfindən 111 sığorta vasitəçisinə, o cümlədən 97 sığorta agentinə müvafiq lisenziya verildiyi vurğulanır: "Sığorta vasitəçilərinin bazarda rolunun daha ətraflı qiymətləndirilməsi imkanının yaradılması məqsədilə onların Mərkəzi Banka hesabatlığı formaları zənginləşdirilmişdir. Sığorta vasitəçilərinin müasir bilik və bacarıqlara yiyələnməsi üçün digər maraqlı tərəflərlə birlikdə geniş, intensiv tədris və inkişaf proqramlarının həyata keçirilməsi planlaşdırılmışdır".

"Sığorta bazarının digər iştirakçıları kimi sığorta vasitəçilərinin də bazarın dinamik dəyişən şərtlərinə, xüsusilə rəqəmsal texnologiyaların sürətli tətbiqi şəraitində sürətlə yenilənən bazar imkanlarına və biznes çağırışlarına çevik uyğunlaşmaları vacibdir. Hazırda sığorta bazarının genişlənməsi potensialının reallaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən strategiya sığorta vasitəçilərinin inkişafı üçün də yeni imkanlar yaradacaq.

Qeyd edək ki, sığorta məhsullarının satışı üzrə xidmətlərinə görə sığorta vasitəçilərinə ödənilən komisyon muzdlar bazar prinsipləri, sığortaçı ilə sığorta vasitəçiləri arasında sərbəst razılaşma yolu ilə bağlanan müqavilə əsasında formalaşır. Qanun çərçivəsində bağlanan müqavilə şərtlərinin formalaşdırılmasında tərəflər sərtbəstdirlər", - deyə Mərkəzi Bankın mövqeyində qeyd olunur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net