Azad olunmuş torpaqlarımızın idman həyatına dövlət dəstəyi
Tarix: 16-01-2023, 14:47 | Çap et


Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimdə çıxış etmişdir. Çıxış zamanı bir çox maraqlı məqamlara toxunmuşdur. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir sahəsidir. Çünki idman fiziki gücdür. Özündə fiziki gücü hiss edən hər bir insan mənəvi cəhətdən sağlam olur. Bu gün biz həm döyüş meydanında, həm idman arenalarında ölkəmizin bayrağını fəxrlə qaldıran vətənpərvər bir nəsil yetişdirmişik. Təsadüfi deyil ki, Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi. Tarixi zəfərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
​ Azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə başlanmışdır. İlk növbədə keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq. Hətta bölgələrdə beynəlxalq idman yarışları da keçirilmişdir. Bu yarışların keçirilməsinin böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndində triatlan yarışları keçirilmişdir.
​ Cənab Prezident vurğulayıb ki, bunları yüksək qiymətləndirirəm. Bu il də işlər davam etdiriləcək. Azad edilmiş şəhərlərin hər birinin baş planında idman obyektlərinin yaradılması nəzərdə tutulmuşdur. Bunlardan biri də Ağdamın məşhur “İmarət” stadionunun layihəsi olacaq.
​ “İmarət”in tarixi XVII əsrin sonlarından başlayır. Qarabağ xanlarının cıdır meydanlarından biri burada yerləşmişdir. Sonralar bu cıdır meydanında Ağdamın mərkəzi stadionu inşa olunmuşdur. Ermənilərin xarabalığa çevirdiyi Ağdamda dillər əzbəri olan “İmarət” stadionu da salamat qalmamışdır. ”İmarət” stadionu əvvəlki yerində deyil, şəhərin digər geniş hissəsində yerləşəcək. Bura təkcə stadion deyil, idman məhəlləsi olacaq. Müxtəlif yarışlar üçün qapalı-açıq idman zalları, idman təmayüllü orta məktəb, həmçinin idman-yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur. Stadion 2023 - 2026-cı illərdə tikilib, istifadəyə veriləcək.
​ Atıcılıq mərkəzi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdı, sonra qərara gəlindi ki, əvvəlki yeri Eyvazxanbəyli kəndində yenidən yaradılsın. 2022-ci il oktyabrın 4-də Eyvazxanbəyli kəndində Atıcılıq mərkəzinin təməlqoyma mərasimi baş tutdu. Mərkəzin böyümə hədəfi 30 hektara qədər ərazini əhatə edəcək. Həmçinin mərkəzdə mehmanxana, muzey, peşəkar, həvəskar çaparlar üçün xüsusi məşq zolaqları, Gövkan yarışları üçün meydan layihələşdirilir.
​ Mərhələli şəkildə azad edilmiş digər ərazilərimizdə də idman obyektlərinin yaradılması planlaşdırılır. Beləliklə, idmana, idmançılara diqqət, qayğı və hörmət olan yerdə nəticələr də olacaq.

Anaxanım Vəliyeva
Suraxanı rayonu 146 nömrəli tam orta məktəbin tarix müəllimi




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net