Azərbaycan Respublikası Prezidentinin hələ 2003-cü ildə söylədiyi fikirləri bu gün Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinə sadiq peşəkar lider də yetişdirib.
Cənab Prezident İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Cənab Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və 19 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqlı və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc qazandırdı.
Dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitinin təşəbbüskarı olan cənab Prezident İlham Əliyev bu əməkdaşlığın ümummilli məsələlərdə daha vacib olduğunu qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın dövlət quruculuğu təcrübəsi artıq dünyada mükəmməl örnəklərdən biri kimi qəbul edilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf, bütün sahələrdə aparılan islahatlar Azərbaycanın gələcək inkişafının təminatçısıdır.
Azərbaycanın sürətli inkişafı və əldə edilmiş mühüm tarixi nailiyyətlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: "Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda güclü hakimiyyət, sabitlik budur bizim uğurlarımızı şərtləndirən əsas amillər".
Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi.
Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı zəfərlə sona çatdı.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış cənab Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə cənab Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir.
Tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. Cənab Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin regional, beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir.
Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu.
Mətanət Qarayeva
Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin biologiya müəllimi
[left][/left]