Müstəqilliyimizin qorunub saxlanılmasında müstəsna xidmətləri olan Ulu Öndər “siyasət mümkün olanı etmək deyil, mümkünsüzlüyü bacarmaq sənətidir” söylədiyi kimi, uzaqgörən siyasəti sayəsində hər işin öhdəsindən uğurla gəldi. Ölkəmizin qüdrətlənməsi və möhkəmlənməsi üçün bir məktəb - Heydər Əliyev dövlətçilik məktəbi yaratdı. Hüquqi dövlətin Azərbaycan modelinin ilk milli konstitusiya yaratmaqla insan haqlarının təminini dövlətin ali məqsədi kimi bəyan etdi. Neft kontraktlarının bağlanması (20 sentyabr 1994) dövlət gənclər siyasəti, ordu quruculuğu, elmin, təhsilin, mədəniyyətin və səhiyyənin inkişafının ilk təməl daşlarını da Ulu Öndər yaratdı. Azərbaycanda ordu quruculuğu, milli hərbiçi kadrların hazırlanması üçün hərbi məktəblərin yaradılması və hərbi kadr potensialının artırılması üçün gənclərin xarici ölkələrə göndərilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan xalqı 2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində Azərbaycan gəncliyinin nümayəndəsi, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı və varisi İlham Heydər oğlu Əliyevə səs verdi. Bu heç də təsadüfi bir seçim deyildi. Azərbaycan xalqı, xüsusilə Azərbaycan gəncliyi onu 1997-ci ildən Milli Olimpiya Komitəsinin Prezidenti kimi yaxından tanıyır və inanırdı. Azərbaycanın ikinci dəfə (1991) müstəqillik əldə etdikdən sonra müstəqil dövlət kimi Atlanta (1996), Sidney (2000) Olimpiyadasında və bir çox mötəbər yarışlarda təmsil olunması İlham Əliyevin fədakar əməyi və vətənpərvərliyi nəticəsində baş tutmuşdu. Xalqımızın mütləq əksəriyyətinin səs çoxluğu ilə dövlət başçısı seçilən cənab İlham Əliyev tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” (2003-2008) Azərbaycanın bütün regionlarına istiqamətlənmişdir. Sosial-iqtisadi inkişaf proqramlarında yer almış bir sıra bəndlər- yeni səhiyyə müəssisələrinin tikintisi, köhnələrinin əsaslı bərpa edilməsi və müasir avadanlıqla təmini, yeni yaradılan müdafiə sənayəsinin obyektləri, hərbi hissələr, tikilən hərbi zavodlar, gələcək əsgərlərin fiziki cəhətdən sağlam böyüməsi və yetişməsi üçün inşa edilən idman kompleksləri, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi sübut edirdi ki, Azərbaycan hökuməti işğalla barışmayacaq və lazım gəldiyi vaxtda müharibə yolu ilə bu əraziləri azad edəcəkdir.
İri neft layihələrinin icrası Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması da qazanılan nailiyyətlər sırasında olmuşdur. Bugün tam əminliklə demək olar ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası bütövlükdə Azərbaycanın Müstəqil ölkə kimi yaşamasını uzun illər təmin edən amildir. Daha sonra fəaliyyətə başlayan Bakı-Tbilisi-Ərzurum qaz kəməri imkan verdi ki, Azərbaycan özünü qazla təmin etsin. Belə ki, on üç illik fasilədən sonra 2007-ci ildə Naxçıvana təbii qaz verilişi bərpa edildi.
Bu illər ərzində Azərbaycan xarici siyasətində yeni bir dövr oldu. Hələ 2000-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olan cənab İlham Əliyev 2003-cü ilin yanvar ayında AŞPA-nın sədr müavini, biro üzvü seçilib. 2004-cü ildə AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif edilir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır.
Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən cənab İlham Əliyev həm də ölkənin aparıcı, siyasi partiyası olan YAP-ın lideridir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Həmin seçkilərdə YAP qələbə qazanmışdır. Və bugün də YAP iqtidarda olan partiyadır.
Azərbaycan gənclərinin xarici ölkələrdə 2007-2015-ci illərdə təhsil almalarına dair dövlət proqramı 16 aprel 2007-ci ildə təsis edilmişdir. Bu da ölkəmizin yüksək intellektə malik gənc kadrlarla təmin olunmasında mühüm amil olmuşdur.
“Azərbaycan gəncliyi 2020-gələcəyə baxış” inkişaf konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkişafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur.
Ölkədə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparıldı. Həyata keçirilən bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi qarşıda duran əsas vəzifəyə xidmət edirdi və bütün diqqət də buna yönəlmişdi: “Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik.” 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Təbii ki, qələbənin əldə edilməsində güclü iqtisadiyyatımız, müasir ordumuzla yanaşı, milli həmrəylik, iqtidar-xalq birliyi böyük rol oynadı. Ölkə rəhbərliyi böyük siyasi iradə və birlik göstərərək Azərbaycan xalqını bir millət kimi öz varlığını sübut etməsinə zəmin yaratdı.Cənab Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa müraciətində xüsusilə vurğulayıb: “Əgər bu birlik olmasaydı, bu milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı azad edə bilməzdik”.
Beləliklə, otuz ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbində ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərimizin azad edilməsi cənab Prezident İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, ordu quruculuğu, Azərbaycana münasibət köklü şəkildə dəyişmiş, beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında qələbə qazandıq.
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən xarici siyasət sayəsində bugün Azərbaycan Cənubi Qafqazda lider dövlətə və söz sahibinə çevrilmişdir.
Zəkiyə Hacıyeva
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
[sup][/sup]