Prezident İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır
Tarix: 20-12-2022, 19:52 | Çap et


Müasir Azərbaycanın qurucusu, xalqının yaddaşına müstəqilliyini itirmək və parçalanmaq təhlükəsində olan Azərbaycanın xilaskarı kimi həkk olunmuş ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev 2003-cü il oktyabrın 15-də xalqın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirlərini söyləyən, ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilə tez bir zamanda ona olan inam və etimadı möhkəmləndirən cənab Prezident İlham Əliyevi xalq 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də yenidən özünə lider seçdi.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində əldə olunan inkişaf tempini qoruyub saxlamaqla yanaşı, Azərbaycana yeni – yeni uğurlar qazandırdı. Ulu öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın dəstəyi ilə həyata keçirməyə başladı.
Dövlət siyasətinin müasir modelini yaradan cənab İlham Əliyevin məqsədi Müstəqil Azərbaycanın durmadan güclənməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması idi. O, biz gənclərin vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bir sözlə bugünki gəncliyin formalaşmasına böyük şərait yaratmışdır. Bu gün Azərbaycanda vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər ordusu formalaşıb və ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Təbii ki, atılan bütün addımlar gələcəyə hesablanmışdır.
Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 19 il ərzində bütün sahələr öz inkişafını tapmışdır. Görülmüş sistemli və ardıcıl tədbirlər, islahatlar nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən stabil ölkələrdən hesab olunur.
Təbii ki, bu dövr ərzində görülən bütün işlərin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində qazanılmış bu Şanlı Zəfər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan artıq qalib ölkə, xalqımız isə qalib xalqdır. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri 2003-cü ildən bu günə planlı və ardıcıl şəkildə görülmüş işlərin nəticəsində dünyanın ən güclü 50 ordusu sırasındadır və qalib ordudur. Qarabağın baş tacı, döyünən ürəyi olan Şuşanın fəthi isə dünya hərb tarixində xüsusi yer tutdu, əməliyyat taktikası hələ də öyrənilməkdədir. Ümumilikdə bu qələbə sayəsində ölkəmiz dünyada və regionda yeni reallıqlar yaratdı.
Qarabağ və Zəngəzur yenidən qurulur. Yeni nəqliyyat infrastruktur yaradılır, yollar çəkilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcəkdir. Cənab İlham Əliyevin yürütdüyü effektiv diplomatiya və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizinin reallığa çevrilməsinə az qalıb. Bu dəhliz türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir. Zəngəzur dəhlizinin açılması yalnız bütün bölgə üçün deyil, dünya üçün yeni imkanlar açacaqdır.
Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Dövlət Proqramında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Quruculuq – bərpa işləri sürətlə davam edir. Artıq birinci pilot layihə Zəngilanda icra edilib və Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşıblar.
Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb. Hər zaman dəstəkləyib və dəstəkləyəcəkdir. Görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuza malik cənab Prezident İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır və Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir.

Prezident İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır

Eldar Mirzəliyev
Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü,
Hüquq Məsələləri Daimi Komissiyasının sədri









Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net