Yaponiyanın turizm naziri: “Azərbaycanla turizmin inkişafı üçün birbaşa aviareyslər açılmalıdır” - FOTO
Tarix: 16-12-2022, 00:03 | Çap et
Yaponiyanın turizm naziri: “Azərbaycanla turizmin inkişafı üçün birbaşa aviareyslər açılmalıdır” - FOTO

“Azərbaycanla turizmin inkişafı üçün birbaşa aviareyslər açılmalıdır”.

Vertikal.az “Report”-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri Tetsuo Saito ilə Tokioda Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşdə deyib.

Görüşdə F.Nağıyev Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında imzalanan “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu”nun ölkələrimiz arasında turizm əlaqələrinin inkişafına və məlumat mübadiləsinin artmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Agentliyin sədri Azərbaycanda son illərdə turizmin inkişafına dövlət səviyyəsində verilən diqqətdən bəhs edərək, ölkəmizin geniş turizm potensialına malik olduğunu, işğaldan azad edilən ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, həmçinin Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğunu diqqətə çatdırıb. Fuad Nağıyev cənab Tetsuo Saitonu ölkəmizə dəvət edib.

Öz növbəsində Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri Tetsuo Saito Azərbaycanın İpək Yolunun üzərində yerləşən mühüm destinasiya kimi yaponiyalı turistlərin diqqətini cəlb edə biləcəyini, İpək Yolunun xalqlarımız arasında tarix və mədəniyyət baxımından birləşdirici körpü rolunu oynaya biləcəyini qeyd edib. O, turizm əlaqələrinin inkişafı üçün birbaşa aviareyslərin açılmasının və zəruri müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net