ZƏFƏRƏ GEDƏN YOLUN BANİSİ
Tarix: 12-12-2022, 11:03 | Çap et
ZƏFƏRƏ GEDƏN YOLUN BANİSİ


Mən həmişə fəxr etmişəm, elə indi də fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM!
H.Əliyev


Heydər Əliyev o şəxsiyyətlərdən idi ki, vaxtı zamana çevirdi və zamanı da millətinin, xalqının, ölkəsinin tələblərinə cavab verməyə sövq etdirdi. O, tarixin sınaqlarından keçən, hər sinaqda da itirdiyindən çox qazanan millətin gerçək Lideri idi. Onun müdrik fəlsəfəsi daim böyük işləri ilə təsdiqləndi.
Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdir. 60-cı illərin sonlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətlə yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı.
Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu dövrün isə dövlətimizin gələcək taleyi baxımından başlıca məzmunu Azərbaycançılıq idi. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qalibləri çərçivəsində və bu ideologiya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa da belə alt qatda ona müxalif qalaraq Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə onu yüksəltmək üçün bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.
“Bizim ziyalıların, mədəniyyət xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki, xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınar. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir”, deyən Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidəsinin ucaldılmasına nail oldu.
Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələri düzgün qiymətləndirən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçi 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra çox müsibətlər gördü. Ölkədə vətəndaş müharibəsi, torpaqlarımızın itirilməsi, vətəndaşlarımızın öz doğma torpaqlarından didərgin düşməsi bir daha göstərdi ki, xalqın öz qəhrəmanına ehtiyacı var. Beləliklə, Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliymizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas oldu.
Ümummilli Lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ulu öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrdə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq güclənmişdir.
Ölkənin əsas qanunu olan konstitusiyamızın qəbul olunması, Azərbaycan dilinin rəsmi dil kimi təsdiqlənməsi, milli ordu quruculuğu sahəsindəki xidmətləri, ölkədə söz azadlığının təmin olunması saymaqla bitməyən tarixi əhəmiyyətli əməllər Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bütün bu sadalanan xidmətlər bizim bu gün azad firavan həyatımızın təməli idi. Bu gün böyük fəxr hissi ilə deyə bilərik ki, milli dövlətçilik ənənələrinə olan müstəqil bir dövlətin vətəndaşlarıyıq. Öz ana dilimizdə sərbəst danışırıqsa Ulu Öndərə borcluyuq, çünki məhz onun sayəsində Azərbaycan dili dövlət dili kimi rəsmi olaraq təsdiqləndi və konstitusiyamıza daxil edildi.
Bu gün biz azad olunan torpaqlarımıza sərbəst şəkildə ayaq qoya biliriksə Ulu Öndərin uğurlu siyasətinin davamçısı cənab Prezident İlham Əliyevin xalqı ətrafına dəmir yumruq kimi toplayaraq zəfər tariximizi yazdığı üçündür.
Ruhunuz şad olsun xalqın qəhrəmanı Ulu Öndər.. Təməlini qoyduğunuz azad, müstəqil Azərbaycan bu gün öz zəfərini qürurla yaşayır və vəsiyyətinizi yerinə yetirən, yolunuzun davamçısı Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşmişdir.


Dadaş Baba-zadə
Bakı şəhəri 89 nömrəli tam orta məktəbin direktoru





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net