Bu il Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü keçirilə bilər.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində “hökumət saatı”nda xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər Ermənistan və Azərbaycan XİN başçılarının daha bir görüşünün keçirilməsi barədə razılıq var.
Ararat Mirzoyan görüşün dəqiq tarixinin hələ təyin olunmadığını, lakin görüşün ilin sonuna qədər keçirilə biləcəyini deyib: “Sülh müqaviləsi barədə danışıqlar davam edir. İrəvan az əvvəl Azərbaycan tərəfinin təkliflərini alıb və yaxınlarda öz təklifləri ilə çıxış edəcək”.
Erməni nazir qeyd edib ki, Bakı və İrəvanın yanaşmaları bir çox məsələlərdə fərqlənir. Mirzoyan əlavə edib ki, lakin danışıqlar da məhz mövqeləri yaxınlaşdırmaq üçündür.
Mirzoyan tərəflərin ilin sonuna qədər sülh müqaviləsinin yekun variantını razılaşdırması ehtimalının az olduğunu deyərək danışıqların gələn il də davam edəcəyini proqnozlaşdırıb.