Azərbaycanda həyata keçirilən enerji siyasəti ölkəmizin regional mövqeyini daha da gücləndirir Ölkəmiz öz enerji resursları ilə regiondakı təhlükəsizliyə xüsusi töhfə verir
Tarix: 29-11-2022, 14:09 | Çap et


Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Konfransda regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirilib. Səsləndirilən mesajlar qlobal analitiklər və tədqiqatçılar, habelə dünyaşöhrətli jurnallar və nəşrlər üçün dəyərli fikirlərdir. Prezident İlham Əliyev konfransda çıxış edərək mühüm fikirlər səsləndirib və verilən sualları cavablandırıb. İlham Əliyev cənablarına verilən suallar arasında BP ilə əməkdaşlıq məsələsi də var idi. Cənab Prezident suala cavab olaraq bildirdi ki, BP ilə əməkdaşlıq davam edir: “BP Azərbaycanda strateji sərmayədardır və bildiyiniz kimi, “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. Şirkətin öz fəaliyyətini genişləndirmək planları var. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir. Bilirəm ki, BP ilə SOCAR arasında həmin layihə üzərində danışıqlar çox uğurla gedir. Əvvəlki dövrlərdə SOCAR-ın rəhbərliyi ilə Azərbaycan hökumətinin rəsmiləri arasında qeyri-münasib ünsiyyət səbəbindən müəyyən yubanmalar olub. Hazırda isə hər şey aydındır. Bazarda qaza ehtiyac var. Nəhəng potensialdan istifadə etmək vaxtı yetişib, çünki “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağında hasil ediləcək qaz ayrıca böyük qaz yatağını nəzərdə tutur. Siz, həmçinin enerji şirkətlərinin “yaşıl enerji”yə keçiddə iştirakı barədə bilirsiniz. BP, həmçinin bu prosesə rəhbərlik edir. Onların azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. Bu, onların, nəinki Azərbaycanda bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır. Buna görə biz çox minnətdarıq ki, 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq”. İlham Əliyev həmçinin onu da qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlilimiz aparılıb: “Beləliklə, günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bu, həqiqətən böyük potensialdır. Əvvəlcə söylədiyim kimi, biz bərpaolunan enerji mənbələrindən daha çox enerji istehsal etsək, daha çox qazı beynəlxalq bazarlara yönəldə bilərik. Bu halda hər tərəf uduşlu vəziyyətdədir”.
Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin iyun ayının 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimdə çıxışı zamanı da cənab İlham Əliyev SOCAR və BP arasında strateji tərəfdaşlığı xüsusi vurğulamışdı. Neft və qaz sahəsində BP-nin bizim üçün strateji tərəfdaş və aparıcı investor olduğunu bildirən dövlət başçısı qeyd edib ki, bu şirkət bərpa olunan enerji sahəsinə maraq göstərir. Qeyd edim ki, BP və tərəfdaşları Azərbaycanda ilk hasilatın pay bölgüsü sazişini SOCAR-la 1994-cü ildə “Azəri”, “Çıraq” “Günəşli” (AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalayıblar. Saziş üzrə hasilat 1997-ci ildə başlayıb və həmin vaxtdan etibarən bu yataqlardan, ümumilikdə, 4 milyard bareldən artıq neft hasil edilib. 2017-ci ildə SOCAR və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən tərtib olunmuş HPBS-i imzalayıb, bununla da həmin sazişin müddəti 2049-cu ilin sonuna qədər uzadılıb. SOCAR və BP “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, habelə Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinə daxil olan boru kəmərləri layihələrində uğurla tərəfdaşlıq edirlər. Son dövrdə iki şirkət arasında əməkdaşlıq daha da genişlənərək “Şəfəq-Asiman” yataqlarında, eləcə də Abşeron yarımadasının dayazsulu hissəsində aparılan yeni kəşfiyyat layihələrini də əhatə edib. Rəsmi statistikaya əsasən Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər uğurla davam etdirilir.
Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir. O cümlədən, Azərbaycanda həyata keçirilən enerji siyasəti ölkəmizin regional mövqeyini daha da gücləndirir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində realla¬şan Cənub Qaz Dəhlizinin respublikamızı Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında yeni yeganə alternativə çevirməsi də bunu deməyə əsas verir. Bu, Azərbaycanın dövlət gəlirlərinin sabit şəkildə artmasına imkan yaratmaqla, geosiyasi çəkisini daha da artırır. Yeri gəlmişkən, 2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsi ilə Av¬ropaya mavi qaz ixracına başlayıb. Ötən il Avropaya 7 milyard kubmetr mavi qaz nəql edilib. Bu il həmin rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10 kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql edəcək. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31,5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. Bir sözlə, Azərbaycan öz enerji resursları ilə regiondakı təhlükəsizliyə xüsusi töhfə verir. Müasir çağırışlara uyğun ola-raq həyata keçirilən enerji siyasəti bir tərəfdən Azərbaycanın regional bazarda daha yaxşı təmsil olunmasına, digər tərəfdən isə Azərbaycanda ənənəvi enerji məhsullarının istehsalını artırmaqla alternativ mənbələrinin payının çoxalmasına gətirib çıxarır.

Pərvin Mahmudov
Suraxanı rayon sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Deputat köməkçisi







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net