Azərbaycan-Türkiyə qardaşlığı regionun yeni tarixini yaradır
Tarix: 23-10-2022, 23:58 | Çap et


44 günlük Vətən savaşında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində sürətlə aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində növbəti əlamətdar hadisə oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu. Qeyd edək ki, Zəngilan hava limanı Qarabağın beynəlxalq miqyasda mühüm nəqliyyat qovşağına çevrilməsinə şərait yaradan başlıca obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə genişləndirilməsi və onun beynəlxalq əhəmiyyətinin artırılması baxımından strateji əhəmiyyətə malikdir.
Vurğulamaq lazımdır ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunmaqdadır.
Məlum olduğu kimi, 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planına uyğun olaraq azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərində Türkiyə şirkətləri fəal rol oynayırlar. Bölgədəki hava limanlarının tikintisi ilə yanaşı, Zəngilan rayonunda istifadəyə verilən “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi, təməli qoyulan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin qurulması və digər layihələrdə Türkiyə şirkətləri də yer alır. Bütün bunlar onu göstərir ki, Qarabağın yenidən qurulmasında və dirçəldilməsində, bütövlükdə bölgəmizin inkişafında Azərbaycan-Türkiyə birliyi, əməkdaşlığı önəmli rola malikdir. 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Türkiyə Prezidentinin, 2022-ci il mayın 14-də Rize-Artvin Hava Limanının açılışında Azərbaycan Prezidentinin iştirak etməsi, müharibədən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurun bir çox ərazilərinə səfərlər etməsi iki qardaş ölkənin birliyinin regionun aparıcı qüvvəsi və əsas güc amili kimi çıxış etməsinin simvoludur.
Türkiyə şirkətlərinin Qarabağdakı quruculuq işlərində iştirakı təkcə iki ölkə arasında imzalanmış hüquqi sənədlərə deyil, həm də mənəvi haqqa əsaslanır. Çünki Azərbaycan-Türkiyə müttəfiqliyi amili Qarabağın azad edilməsində də öz sözünü demişdir. Təsadüfi deyil ki, oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan və Türkiyə dövlət başçılarının mətbuata birgə bəyanatlarla çıxışları zamanı Prezident İlham Əliyev Qarabağ zəfərinin qazanılmasında Türkiyənin siyasi-mənəvi dəstəyini bir daha vurğuladı, “bütün bu şanlı tarix bizim müştərək tariximizdir” dedi. Dövlət başçımızın qeyd etdiyi kimi, İkinci Qarabağ savaşının ilk saatlarından son gününədək Türkiyə Prezidentinin Azərbaycana dəstək ifadə etməsi, Azərbaycanın yalnız olmadığını, Türkiyənin dövlətimizin yanında olduğunu bəyan etməsi həm Azərbaycanın mövqeyini gücləndirdi, həm də Ermənistanın havadarlarının müharibəyə birbaşa müdaxiləsinin qarşısını aldı. Beləliklə, Ermənistanla apardığı faktiki olaraq təkbətək müharibədə Azərbaycan möhtəşəm qələbə qazandı. Həm də Azərbaycan-Türkiyə birliyinin növbəti zəfəri olan Qarabağın azad edilməsi, Azərbaycanın və regionun tarixində yeni səhifə açdı.
Azərbaycan-Türkiyə birliyi hər iki ölkənin bölgədə və qlobal arenada mövqelərini gücləndirən mühüm faktor rolunda çıxış edir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə kimi qüdrətli ölkənin bizim qardaşımız olması bizim üçün böyük xoşbəxtlikdir. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə həm də bütün sahələrdə rəsmən müttəfiq dövlətlər elan olundu. Prezident İlham Əliyevin söylədiyi kimi, bu həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır: “Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.
Öz növbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirdiyi bəyanatında dünyaya, bölgədə marağı olan qüvvələrə vacib mesajlar çatdırdı, xüsusən də Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlığın reallıqdan uzaq olduğunu vurğuladı: “Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”.
Beləliklə, Türkiyə Prezidentinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə növbəti səfəri, açılışı edilən, təməli qoyulan layihələr, səsləndirilən bəyanatlar İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış reallıqlarla barışmaq istəməyən bəzi qüvvələrə təxribatçı cəhdlərinin əbəs olacağı, Azərbaycan-Türkiyə amilinin regionda bundan sonra da həlledici faktor olacağı barədə ciddi mesajlar verdi.

Hülya Məmmədli Politoloq





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net