Zəngilan sən azadsan!
Tarix: 19-10-2022, 16:22 | Çap et
Zəngilan sən azadsan!

Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. 1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli qeyd olunur.
1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli qeyd olunur. 1929-cu ildə ZSFSR-nın qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.
Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur. 1967-ci ildə Zəngilana şəhər statusu verildi. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. quruluşuna malikdir. Əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Rayonun bir tarixi qurum kimi iqtisadi inkişafı sovet hakimiyyəti illərində geniş vüsət almış, eyni zamanda məhz bu dövrdə rayona daha çox mənəvi zərbə vurulmuşdur. İşğala qədər rayon əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etmişdir. Zəngilan rayonundan 13 nəfər sovet imperiyasının ən yüksək dövlət mükafatına – Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdü. Bu hadisə bütün dünyaya səs salmışdı. Buna görə bölgə “Qızıl Zəngilan” adı ilə tarixə düşmüşdü. Rayonun ərazisindən Bakı-Yerevan dəmir yolu (Mincivandan Qafana yol ayrılır), İmişli-Laçın və Bakı-Şərur magistral şose yolları keçirdi. Zəngilan rayonu ilə Bakı arasında olan məsafə 385 km-dir. Özünün bir qurum kimi mövcud olduğu 63 ildə (işğala qədər) bu bölgə hansı müsibətlərə düçar olmadı?! Özünün 63 illik son tarixində bu bölgə elə ilk illərdən zorla yaradılan kollektivləşmə, 37-ci il həbsləri, 1941-45-ci illər müharibəsini də yaşadı. Rayon əhalisinin bir qisminin qohum-əqrəbası Arazın o tayında qalmış, əlaqələri kəsilmişdi. Qardaş qardaşdan, ana balasından ayrı düşmüşdü.
Zəngilanın sözünü deyən adamların 1930-cu illərdə bir qisminin sürgün olunması (Sibir, Orta Asiya, Qazaxıstan), bir qisminin isə qəddarlıqla güllələyib xəndəyə salınması, ölməyənlərin günlərlə inilti səsləri (Kənd Zəngilan: o vaxt rayon mərkəzi burada yerləşirdi) gəlirdi. Sürgün dövrü qurtardıqdan sonra da geri qayıdan adamları öz doğma yurdlarına buraxmırdılar.
Öz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı. 1993-cü ilin oktyabr ayında Ermənistan qoşunları tərəfindən işğal olunanadək əhalisi 32.6 min nəfər (01. 01.1989) olmuşdur. İşğaldan qabaq rayonda 10453 yaşayış evi, 28200 yardımçı bina, 195 inzibati bina, 870 təsərrüfatların yardımçı binaları, 128 mədəniyyət müəssisəsi, 123 təhsil müəssisəsi, texniki peşə məktəbi, 64 səhiyyə müəssisəsi, Qotursu sağlamlıq zonası, 80 rabitə müəssisəsi, 7 səyyar avtoklub, 21 kino qurğu, 2 diyarşünaslıq muzeyi, 142 ticarət obyekti, 49 ictimai-iaşə obyekti, 2 Şərab zavodu, Konserv zavodu, Toxuculuq sexi, Kərpic zavodu, Çörəkbişirmə zavodu, Çınqıl zavodu, 2 Asfalt zavodu, Yazı düzü Su nasos stansiyası kompleksi, 3 Su nasos stansiyası, 8 Dəmir yol vağzalı, Mincivan Depo, Quşçuluq fabriki, Mal-qara kökəltmə kompleksi, 3400 hektar üzüm bağları, 6 süni su tutarları olmuşdur. Rayon mərkəzində yerləşən Muzeydə yüzlərlə eksponat var idi. Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi, Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi kimi tarixi abidələr xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirirdi.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.
20 oktyabr 2020–ci ildə Zəngilan şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdur. Zəngilan rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Zəngəzur Azərbaycandır! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin dövlətimizə olan sonsuz qayğısının nəticəsidir.
Yerləşdiyi coğrafi əhəmiyyətinə görə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün yaranan imkanlar, bu ərazidə, Füzulidə və Laçında inşa ediləcək beynəlxalq hava limanları bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan da daxil olmaq şərtilə əhatə edəcək. «Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır» söyləyən cənab Prezident İlham Əliyevin sözlərinin yaxın zamanlarda gerçəkləşəcəyi şəksizdir. Zəngilanda artıq icrasına başlanılan layihələrlə yeni, müasir, yüksək texnologiyalarla idarə olunacaq «ağıllı kənd»in ilk mərhələsinin başlanılması Prezident İlham Əliyevin «Bu, Böyük Qayıdışın birinci addımıdır. Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrastruktur işləri öz qaydasında davam edir» sözləri coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşən Zəngilanın iqtisadi əhəmiyyətini daha da artırır. Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirən Naxçıvana dəmir və avtomobil yollarının açılacağı gün də uzaqda deyil.
İşğaldan azad olunmuş Zəngilan ərazisində bərpa-quruculuq işləri davam edir. Birinci pilot layihə Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlandı. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.
Bəli, bütün işlər onu göstərir ki, tezliklə bütün sakinlər öz yurd- yuvasına qayıdacaq! Yaşasın Azərbaycan ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan!



Məcid Rəsulov
Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktoru






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net