Cəbrayılın azad olunması uğrunda aparılan döyüşlər
Tarix: 4-10-2022, 08:07 | Çap et


27 sentyabr səhər saatlarında Ermənistanla təmas xəttində başlayan qarşıdurmalar Azərbaycan Ordusunun şanlı zəfəri ilə nəticələnən II Qarabağ müharibəsi olaraq dünya tarixinə yazılmışdır. Azərbaycan Ordusunun haqq savaşında ilk sevindirici xəbərlər elə həmin gündən gəlməyə başladı. 27 sentyabr Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər düşmən işğalından azad olundu.
Bilirik ki, müharibə itkisiz olmur. Bir yandan eşidilən şəhid xəbərləri Azərbaycan xalqını hüznləndirsə də, cəbhədən gələn qələbə sevinci, azad olunan torpaqların artması xalqda, orduda ruh yüksəkliyi yaradırdı. 3 oktyabr Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri işğaldan azad olunmuşdur.
4 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl şəhərini və rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndlərini Ermənistanın işğalından azad etmişdir. Həmin gün Azərbaycanın Gəncə, Mingəçevir, Xızı, Füzuli, Tərtər və Cəbrayıl şəhərləri Ermənistan Silahlı Qüvvələri tərəfindən bombalanmışdır.
1993-cü il avqustun 23-də düşmən tərəfindən işğal olunmuş Cəbrayıl şəhərində artıq bizim bayrağımız dalğalanırdı, artıq o torpaqlar düşmən tapdağı altında deyildi. O torpaqlara öz doğma övladları ayaq basmışdı. Oktyabrın 18-də Ermənistan Silahlı Qüvvələri Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutdu. Daha sonra Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən məhv edildi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" hesabında paylaşım etdi - "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!". Bir müddət sonra isə İlham Əliyev özünün rəsmi "Twitter" hesabında Xudafərin körpüsündə dalğalanan Azərbaycan bayrağının videosunu paylaşdı.
Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi və nəticədə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
I Qarabağ müharibəsində analarının, atalarının qucağında, çiynində ağlayaraq gedən o körpə uşaqlar, indi çiyinlərində silahlar tank üzərində öz doğma torpaqları uğrunda gedən haqq savaşında qalib gəlmişdilər.



Könül Məmmədli
Suraxanı rayon Gənclər və İdman İdarəsi yanında fəaliyyət göstərən könüllülərdən ibarət qrupun rəhbəri.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net