Borrell: "Gələcəkdə Putin Rusiyası ilə münasibətlər çox çətin olacaq"
Tarix: 31-08-2022, 12:38 | Çap et


"Rusiya vətəndaşlarına viza verilməsi məsələsi bu gün gündəmdə müzakirə olunacaq mövzular arasındadır, bu həftə ərzində bu məsələ geniş müzakirə olunub və bununla bağlı üzv dövlətlər arasında fikir ayrılıqları mövcuddur".

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Praqada Aİ XİN baçılarının qeyri-formal görüşündən qabaq jurnalistlərə açıqlamasında deyib.

"Mən birliyimiz, həmrəy mövqeyimiz üçün çalışacağam. Bu vacib məsələdir, bu, Avropa xalqları və Rusiya cəmiyyətinin münasibətləri ilə bağlıdır. Biz eyni zamanda bu müharibənin qlobal nəticələrini də müzakirə etməliyik. Bu müharibə sistemli enerji böhranına, ərzaq böhranına səbəb olub. Biz bunun təsirlərini Avropa cəmiyyətində də hiss edirik və bu təsir günü-gündən güclənir. Eyni zamanda Latın Amerika, Afrika və Asiya ölkələri də bu müharibənin nəticələrindən əziyyət çəkir. Bu müharibə milyonlara təsir edir. Təsəvvür edin, Afrika qitəsində Ukrayna ilə əlaqəsi olmayan insanlara da təsir edir", Borrell bildirib.

Aİ-nin ali nümayəndəsi gələcəkdə blok və Rusiya arasında münasibətlər barədə də danışıb.

"Biz eyni zamanda Rusiya ilə gələcək münasibətlərimiz barədə də düşünməliyik. Bu gün Ukraynada baş verənlərdən sonra biz Rusiya ilə necə münasibət saxlayacağıq. Bu mürəkkəb məsələdir. Ancaq onu deyə bilərəm ki, bütün baş verənlərdən sonra gələcəkdə Putin Rusiyası ilə münasibətlər çox çətin olacaq. Bu münasibətləri müharibəni geniş kontekstdə müzakirə etməliyik. Bu yalnız Rusiya və Avropa barədə olan məsələ deyil".

Borrell əlavə edib ki, bugünkü görüş qeyri-formaldır, yekunda hər hansı qərar olmayacaq lakin viza məsələsi ilə bağlı vahid siyasi yanaşmanın əldə olunması bu görüşdə çox vacibdir.

O, Zaporojye AES barədə də danışaraq onun ətrafının demilitarizasiyanın vacib olduğunu vurğulayıb.

"Biz icazə verə bilmərik ki, Avropadakı ən böyük AES ətrafında müharibə oyunları getsin".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net