Azərbaycan və Rumıniya hökumətləri arasında Protokol imzalanıb - FOTO
Tarix: 23-06-2022, 14:08 | Çap et


Bakıda Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.

APA xəbər verir ki, iclasda iştirak etmək üçün Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Vircil-Daniel Popeskunun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Sahil Babayev Azərbaycan və Rumıniya diplomatik münasibətlərinin qurulmasından artıq 30 il ötdüyünü, ötən dövrdə Azərbaycan-Rumıniya əlaqələrinin daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

Nazir 2019-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, həmçinin ötən illərdə imzalanmış 61 əməkdaşlıq sənədinin əlaqələrin getdikcə genişlənməsində xüsusi rolunu diqqətə çatdırıb.



Vircil-Daniel Popesku Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dost münasibətlərinin daim inkişaf etməsindən məmnunluq ifadə edib. O, əlaqələrin dərinləşməsi üçün səylərin davam etdirildiyini vurğulayıb.

İclasda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri Azərbaycanla Rumıniya arasında iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparıblar.



İclasın yekunu olaraq Sahil Babayev və Vircil-Daniel Popesku Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının yekunları ilə bağlı gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokolu imzalayıblar.

Komissiyanın həmsədrləri Sahil Babayev və Vircil-Daniel Popesku iclasın yekunlarına, imzalanan sənədə dair brifinq keçirib, yeni əməkdaşlıq sənədinin Azərbaycan və Rumıniyanın əlaqələrinin inkişafında önəmli rol oynayacağına əminlik ifadə ediblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
09-08-2022 12:22
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net