Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb
Tarix: 23-04-2022, 16:33 | Çap et


Eyni kökə, eyni mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan Azərbaycan və Qırğız xalqları bir-birinə çox sıx tellərlə bağlıdır. Daim möhkəmlənməkdə olan Azərbaycan-Qırğızıstan əlaqələri tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulmuşdur. Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında sıx əlaqələrin yaradılması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə baş tutub. Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Dini və milli mənsubiyyət eyniliyi Azərbaycan və Qırğızıstan xalqlarının, dövlətlərinin əlaqələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir. Məhz bu səbəbdən Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə-strateji tərəfdaşlıq səviyyəsinə belə çatımışdır. Bu gün Azərbaycan-Qırğızıstan münasibətləri bütövlükdə siyasi, iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf edir.
Cənab Prezident İlham Əliyevin aprelin 20-də Azərbaycana rəsmi səfərə gələn Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla geniş tərkibdə görüşü baş tutmuşdur. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Çünki strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Eyni zamanda, Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaq ki, bu da iki dövlətin proseslərə adekvat reaksiya vermək imkanlarını genişləndirəcək.
Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyənatları, səfər çərçivəsində imzalanmış sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb, ölkələr arasında qardaşlıq və dostluq əlaqələri bundan sonra daha da möhkəmlənəcək. Bu eyni zamanda hər iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək. 

Bakı şəhəri Suraxanı rayonu N.A.Əliyev adına 282 nömrəli tam orta məktəbin direktoru Camal Əlirzayev





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net