İlham Əliyev siyasəti – siyasi qüdrətimizin dünyaya isbatıdır.
Tarix: 15-04-2022, 14:05 | Çap et


11 aprel 2018-ci il tarixdə cənab İlham Əliyevə növbəti dəfə inam və etimad göstərilməsindən sonra istər daxili siyasətdə, istərsə də xarici siyasətdə çox mühim addımlar atıldı. Qarşıda duran yeni strategiya hədəflərin reallaşdırılması istiqamətində növbəti mərhələ başlandı. Prezident İlham Əliyevin uğurlu, səmərəli və nümunəvi ordu quruculuğu siyasəti nəticəsində silah-sursat, texnika ilə təchizat, döyüş qabiliyyəti baxımından Azərbaycan ordusu dünyanın ən güclü ordularının sırasına daxil oldu.
2016-cı ildə Ermənistanın təxribat cəhdlərinə dörd günlük aprel döyüşləri ilə cavab verildi. Azərbaycan ordusu 2000 hektara qədər ərazini, o cümlədən Lələtəpə və Talış yüksəkliklərini azad etdi. Dörd günlük müharibədən qırx dörd günlük müharibəyə gedən yolda atılan hər bir addım Azərbaycanın tarixi qələbəsinə zəmin yaratdı. Ölkədə fiziki, mənəvi cəhətdən sağlam vətənpərvər gəncliyin yetişməsi qarşıda duran məqsəd və hədəflərə çatmaqda başlıca stimul oldu.
Ölkə başçısı dayanıqlı, dinamik, iqtisadi sistem formalaşdırmaq və inkişafın ardıcıllığını təmin etmək üçün qeyri-neft sektorunun yüksəlişinə böyük töhfə vermiş oldu. Müharibədən sonrakı yeni geo-siyasi reallığın beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi diplomatiyamızın uğuru idi. Prezident İlham Əliyev 12-si yanvar 2020-ci il tarixli mətbuat nümayəndələri ilə görüşündə deyirdi: “ Mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədar olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük. Amma bilirsiniz, həmişə qaliblərin dostları çox olur.”
Bu ilin aprelin 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh danışıqları ilə bağlı görüş keçirildi. Azərbaycan tərəfindən təqdim edilmiş baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərtilə sülh müqavilələrinin hazırlanması üzrə işçi qrupunun yaradılması, həmçinin, sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması qərara alınıb. Quru və dəmir yollarının açılması da razılaşdırılıb. Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi şərtlərlə razılaşdığını bəyan edib. Bu isə o deməkdir ki, Brüssel görüşü parlaq qələbəmizin və diplomatiyamızın ən yüksək zirvəsidir.
12 aprel müşavirəsi yalnız birinci rübün yekunlarına həsr edilmiş bir toplantı deyil, həm də müharibədən sonrakı dövrün bir illik hesabatı idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 ay da daxil olmaqla həm son dövrlərin reallıqlarını, həyata keçirilən sosial-iqtisadi layihələri, həm də xarici siyasət və regional münasibətlərdən söz açdı. Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsini izah etdi. Bu baxımdan Prezident İlham Əliyev ilk növbədə dünyada ən böyük beynəlxalq təşkilat olan BMT-nin Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. Daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət qiymətləndirdi. Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki, ATƏT-in Mins Qrupu de-fakto etibarsızdır. Bu qurum fəaliyyət göstərdiyi 28 il ərzində sıfır nəticə göstərdiyi kimi bu gün də fəaliyyətsizdir. “ Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qrabağ Müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana və Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə 0” - deyə İlham Əliyev əlavə edib.
Artıq işğaldan azad edilmiş rayonlarımızda yenidənqurma prossesinə start verilmişdir. 5-i yanvar 2022-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Şuşa ili” elan edilib. Şuşa qala şəhərinin 270 yaşı tamam olur. Heydər Əliyev fondu tərəfindən nəhəng layihələr həyata keçirilir. Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin restavrasiyası, dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinin açılışı, Bülbülün ev muzeyinin təmiri, Mehmandarovların malikanə kompleksinin, Yuxarı və Aşağı Gövhər ağa məscidlərinin və digər mədəniyyət, tarixi və dini obyektlərin bərpası burada görülən işlərin bir hissəsidir. Bu il “Şuşa ili” çərçivəsində mədəniyyət paytaxtımızda baş tutacaq tədbirlər milli-mənəvi dəyərlərimizin, musiqimizin, muğam sənətimizin dünyaya inteqrasiya olunması deməkdir.
Mən bütün xalqımızı müstəqilliyimizin əldə olunmasında, onun qorunub saxlanmasında, 44 günlük müharibədə böyük zəfərimizin qazanılmasında olduğu kimi işğaldan azad olunmuş Qarabağımızın dirçəlişi yolunda da dövlət başçısı ilə əlbir olmağa, onun ətrafında sıx birləşməyə çağırıram.
Yaşasın əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti!
Qarabağ Azərbaycandır!

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin
baş fond müdiri Zəkiyə Hacıyeva





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net