Azərbaycan Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs olunub.
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində maliyyə pozuntularının aşkarlanması ilə bağlı Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində həbs qətimkan tədbirin seçilməsi üçün istintaq orqanının təqdimatına baxılıb.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, C. Kazımov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C. Kazımov 3 milyon manatdan çox mənimsəmədə ittiham edilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbəsi rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir. DİA.AZ-ın məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya bildirib ki, bu həbslər davamlı olacaq:
"Əgər bu proses bu şəkildə davam edirsə, yəqin ki, davamı da gələcək. Belə başa düşürəm ki, bu məsələ 5 nəfərlə yekunlaşmayacaq. Artıq yüksək rütbəlilər də dindirilir, ifadə verilir. Kimin məsuliyyəti nə olacaqsa, o məsuliyyətə əsasən də cavab verməli olacaq. Müdafiə Nazirliyində baş verənlər 44 günlük Vətən savaşından sonra xoşagəlməz haldır".
Ekspert qeyd edib ki, saxlanılanlar indiki yox, daha əvvəlki xidmətlərinə görə saxlanılıblar: "Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramovun həbsi indiki fəaliyyəti ilə bağlı deyil, yəni bu vəzifəyə təyin olunana qədər olan xidməti ilə əlaqədardır. Hamı düşünür ki, Quru Qoşunları ilə bağlıdır, amma elə deyilmiş. Mən də hamı kimi düşünürdüm. Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin rəisi Calal Kazımov da artıq xidmətdə deyil, yəni onlar da əvvəlki xidmətlərinə görə saxlanılıblar. Bu həbslərin davamı mütləq olacaq. Çünki milyonları mənimsəmək 4-5 nəfərin işi deyil. Yaşayıb, görərik. Mənim üçün xoşagəlməz bir hadisədir".