ABŞ-ın Mayami şəhərindən İngiltərənin paytaxtı Londona getməli olan təyyarə sərnişinlərdən birinin maska taxmaqdan imtina etməsindən sonra Floridaya qayıdıb.
Bizimyol.info xəbər verir ki, mətbuatın verdiyi məlumatı Aviaşirkət təsdiqləyib.
"American Airlines"ın 38 saylı reysi zamanı bir sərnişin maska taxmaqdan imtina etdikdə gərginlik yaranıb. Bütün təkidlərə baxmayaraq, maska taxmaq istəməyən qadın sərnişinə görə pilot havaya qalxdıqdan 1,5 saat sonra Atlantik okeanı üzərində olarkən geri qayıtmağa qərar verib.
Göyərtəsində 129 sərnişinin olduğu təyyarə Mayamiyə qayıdıb və burada onu polis qarşılayıb. Məlumata görə, onlar 40 yaşlarında olan qadını təyyarədən enmək üçün müşayiət ediblər. Aviaşirkət qadının American Airlines ilə uçuşu qadağan edilənlər siyahısına salındığını bildirib.
Aviaşirkətdən Boeing 777 təyyarəsinin "federal maska tələbinə əməl etməməkdə israr edən müştəri" səbəbindən Mayami Beynəlxalq Hava Limanına (MİA) qayıtdığı bildirilib.