Bir aydan çoxdur koronavirusa görə müalicə alan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son göstəriciləri stabildir.
Bu barədə Bizim.Media-ya açıqlamasında jurnalistin qardaşı Rəşad Şükürov bildirib:
“Prosedurlara görə, Elnur arabir ayıldılır, amma çox zaman yatmış vəziyyətdə olur. ECMO aparatına qoşulu olanda da müalicəsi bu cür davam edirdi. Çox sevindirici haldır ki, kritik vəziyyətdən çıxıb. Səhhətində ciddi irəliləyiş olmasa da, ağırlaşma da yoxdur. Bu isə bizim üçün çox sevindirici haldır”.
Rəşad Şükürov həmçinin deyib ki, qardaşının ağ ciyərləri süni nəfəs aparatına qoşulub və bunun köməkliyi ilə müəyyən oksigen dəstəyi ilə öz funksiyalarını yerinə yetirə bilir.
“Dünən bir az qanaxması var idi, problem tez bir zamanda həkimlərin müdaxiləsi nəticəsində qarşısı alındı. Böyrəyi isə müəyyən miqdarda fasilərlə də olsa öz fəaliyyətini davam etdirir. Həkimlər bütün səyləri ilə Elnurun sağlamlığı üçün mübarizə aparırlar, sadəcə onun yan xəstəlikləri olduğu üçün bu çox çətindir. Çünki onda həm bir böyrək var, mədə qanaxması və damarlarında tromblaşması müşahidə olunur, bir tərəfdən isə sıradan çıxan ağ ciyərlər. Bunların hamısını bir arada toparlamaq çox çətindir. Biz ümid edirik ki, Elnur bu vəziyyətdən çıxacaq, o, çox güclüdür”.