Polis mayoru: “Əvvəllər sürücülər piyadalara, bu gün isə piyadalar avtomobillərə yol vermir”
“Əvvəllər sürücülər piyadalara yol vermirdi, indi isə piyadalar avtomobillərə yol vermir”.
Bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın hərəkət iştirakçıları arasında yol mədəniyyəti səviyyəsinin arzuedilən səviyyədə olub-olmamasına dair sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, cəmiyyətdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı məsələyə münasibət ilbəil dəyişsə də, yenə də problemlər qalmaqdadır:
“Bilirsiniz, biz gərək özümüzü o qədər inkişaf etdirək ki, mədəni səviyyəmiz o qədər yüksək olsun ki, 20 il sonra narkotik maddə istifadə edən adam tapa bilməyək. Açıq şəkildə küçədə narkotik satılsa da, insanlar ona maraq duymamalıdır. Məsələn, yol mədəniyyətində nisbətən irəliləyişlər müşahidə edilir. Sizə deyim ki, 5 il əvvəl şəhərdə siqnal səsindən dayanmaq olmurdu, indi isə hərəkət iştirakçıları siqnaldan zərurət olmadıqca istifadə etmirlər. Beş il əvvəl kəmər taxmamağı özünə qəhrəmanlıq bilənlər bu gün kəmər taxmayanları özü qınayır. Əvvəllər sürücülər piyadalara yol vermirdi, indi isə piyadalar avtomobillərə yol vermir”.