Parlamentin komitə sədri: “Azərbaycanda dərman qeydiyyatı proseduru çox çətin və mürəkkəbdir"
Tarix: 30-09-2021, 11:56 | Çap et
Parlamentin komitə sədri: “Azərbaycanda dərman qeydiyyatı proseduru çox çətin və mürəkkəbdir"

“Azərbaycanda dərman qeydiyyatı proseduru çox çətin və mürəkkəbdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, bu gün dünya ölkələrinin aldığı dərmanları biz ala bilmirik: “Pandemiya bu prosedurun çətin olduğunu bir daha göstərdi. Avropa dövlətlərində qeydiyyatda olan və işlənən dərmanlar bizdə avtomatik olaraq qeydiyyata alınmalıdır. Qeydiyyat prosedurunun bir iştirakçısı da dərman istehsalçılarıdır. Əhalisi az olan ölkələrdə həmin istehsalçılar belə çətin prosedurlara görə maraqlı deyil. Qeydiyyatda tanıma rejimi Türkiyədə tətbiq edilir. Bu, bizdə də tətbiq edilməlidir. Biz qardaş Türkiyədə qeydiyyatdan keçən dərmanları avtomatik qeydiyyata almalıyıq. Dərman məsələləri ilə bağlı qanunda biz dəyişikliklər etməliyik. Müharibə dövründə biz gördük ki, elə dərmanlar var ki, onlara gündəlik ehtiyac var. Qanunvericiliyə qeydiyyat proseduru ilə bağlı dəyişikliklər etməliyik. Buna payız sessiyasında baxsaq, yaxşı olar”.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Musa Quliyevin fikri ilə razı olmadığını bildirib: “Bu çox təhlükəli bir şeydir. Dərman preparatları geyim vasitəsi deyil. Ölkəyə gətirilən dərman vasitələrinə çox ciddi nəzarət olmalıdır. Nəzarətdən keçdikdən sonra o dərmanlar ölkəyə gətirilə və istifadə edilə bilər. Ölkədə keyfiyyətsiz dərmanların ölkəyə gəlməsi problemi var. Bir neçə il bundan öncə dərman vasitələri haqqında” qanunda ciddi dəyişikliklər edildi. Ancaq tamamilə hansısa ölkədə qeydiyyatdan keçmiş dərman vasitələrinin ölkədə qeyd-şərtsiz tanınmasına qarşıyam. Müəyyən nəzarəti keçmədən ölkəyə dərman vasitələrini gətirmək olmaz. Mən bununla bağlı Səhiyyə nazirini əvəz edən Teymur müəllimlə də söhbət etmişəm. Musa müəllim dediyi kimi dərmanları ölkəyə gətirmək böyük hərc-mərclik yarada bilər”.
Sahibə Qafarova təklif edib ki, bununla bağlı dinləmələr keçirilsin: “Milli Məclisin bu qanunda dəyişiklik etmək üçün əsasları olmalıdır”.




Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net