Türkiyə Ermənistan sərhədlərinə hərbi texnika toplayır
Tarix: 24-03-2021, 13:48 | Çap et
Türkiyə Ermənistan sərhədlərinə hərbi texnika toplayır

Türkiyə Ermənistanla sərhəddə hərbi texnikalarını yığır.

Ovqat.com-un məlumatına görə, sosial şəbəkələrdə paylaşılan fotolar da bu xəbəri təsdiqləyir.

Türk ordusunun Ermənistan sərhəddinə toplanmasının rəsmi Ankaranın ötən gün Rusiya səfirini Suriyadakı mülki hədəflərin vurulmasından sonra XİN-nə çağırması fonunda baş verməsi təsadüfi görünmür.

Nəzərə alsaq ki, NATO qüvvələri də son günlər Qara dənizin Krım sahillərində hərbi təlimlər keçirir və Moskva tərəfindən sərt reaksiya ilə qarşılaşılan bu təlimlərdə Türk donanması da yer alır, sözügedən hərbi dislokasiya daha çox narahatlıq doğurur. Belə təəssürat yaranır ki, NATO qüvvələri, o cümlədən Türkiyə Rusiya ilə alyans arasında silahlı qarşıdurmaların yaşanacağından ehtiyatlanır.

Xatırladaq ki, iki gün əvvəl Rusiyanın Qara dəniz hərbi donanmasına məxsus "Admiral Essen" frekatı NATO-nun “Dəniz qalxanı-21” təlimlərində iştirak edən gəmilərdən birinin yanında raketi atışı həyata keçirmişdi. Açıq-aşkar müharibə xəbərdarlığı olan bu atışdan əvvəl isə Rusiya Qara dənizə 6 sualtı qayığı göndərmişdi. Səsdəniti raket qurğuları ilə təchiz olunan bu sualtılar da NATO donanması üçün açıq təhdid demək idi. NATO qüvvələri isə Rusiyanın bu təhdidlərinə məhəl qoymadan öz hərbi təlimlərinə davam edir. Hərbi təlimlərin 29 martda başa çatacağı gözlənilir.

Qeyd edək ki, NATO-nun Qara dənizdə keçirdiyi “Dəniz qalxanı – 2021” təlimləri martın 19-da başlayıb və ayın 29-na qədər davam edəcək. Təlimlərdə 8 NATO ölkəsinin (ABŞ, Bolqarıstan, Hollandiya, Yunanıstan, İspaniya, Rumıniya, Türkiyə və Polşa) 18 hərbi gəmisi və 10 qırıcı təyyarəsinin iştirak edir: dənizdə esminlər, korvetlər və frekatlar, havada NATO-nun təyyarədaşıyan gəmilərində yerləşdirilmiş “F-16 Fighting Falcon”, Rumıniyaya məxsus “MiG-21”-lər və İspaniyaya məxsus “Eurofighter Tayfun” təyyarələri. Təlimlərin Krım yarımadasının yaxınlığında və Rusiya sərhədlərinə 200 km uzaqlıqda keçirilməsi Moskva tərəfindən ciddi əndişə ilə qarşılanır.

44 günlük müharibədən əvvəl Cənubi Qafqazda da həm Rusiyanın, həm də Türkiyənin təlimlər keçirməsi, “Qafqaz-2020” təlimlərindən dərhal sonra Ermənistanın Dağlıq Qarabağda hücuma başlaması, sözügedən hərbi manevrlərin sadəcə güc nümayişi ilə məhdudlaşmadığını, bəzən həlledici savaşların isinmə hərəkətləri olduğunu göstərir. Görünür, bu faktı nəzərə alan Qərb ölkələri, həmçinin Türkiyə Rusiyadan gələ biləcək istənilən sürprizlərə hazır olmağı daha məsləhətli hesab edir və ordusunu bütün təhdidlərə hazır vəziyyətə gətirir.

Yeri gəlmişkən, hərbi texnikasını “atəş nöqtələr”inə toplayan təkcə Türkiyə də deyil. Rusiya da son günlər xüsusilə Ukrayna sərhədlərinə ciddi sayda hərbi qüvvələrini göndərir və bu da Şərqi Avropa ölkələri arasında nigaranlığa səbəb olur. Bəzi ekspertlərin fikrincə, bu dislokasiyalar Rusiyanın Ukraynaya hücuma hazırlaşdığının göstəricisidir və tərəflər hərəkətə keçmək üçün havaların isinməsini gözləyir. Nədən ki, Ukrayna hazırda özünün yağmur fəslini yaşayır və tankların palçığa saplanıb düşmən qüvvələri üçün “asan yem”ə çevrilmə ehtimalı var. İndiki şəraitdə ən optimal variant torpaq zəminin qurumasını gözləməkdir. Havalar isə getdikcə münasibləşir.

Türkiyənin də Ermənistan sərhədlərinə hərbi texnikalarını toplaması, məsələyə bu konteksdən nəzər salanda heç də təəccüblü görünmür.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net