
Bakı Apellyasiya Məhkəməsində iş adamı, “Şəms-MMC” firmasının sahibi, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mirəli Vəkilağa oğlu Həqzadənin qətlində ittiham olunan Şahvələd İmanovun apellyasiya şikayəti və Baş Prokurorluğun protesi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Vaqif Mursaqulov sədrlik edib. Qərara əsasən, məhkəmənin hökmü dəyişdirilməyib.
Qeyd edək ki, bu cinayət hadisəsi 2013-cü ilin ilin may ayında baş verib. “Şəms-MMC” firmasının sahibi Mirəli Həqzadə yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən 23 bıçaq zərbəsi almaqla ağır yaralanıb. Yaralı xəstəxanada əməliyyat olunsa da gecə saatlarında müəmmalı şəkildə dünyasını dəyişib.
Hadisədən bir qədər sonra mərhumun sifarişlə qətlə yetirildiyi məlum olub. Qətlin sifarişçisinin əslən Qərbi Azərbaycandan olan 1966-cı il təvəllüdlü Rüstəmov Aydın Aslan oğlu, icraçının isə onun həmyerlisi, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü İmanov Şahvələd Mürsəl oğlu olması müəyyənləşib.
Şahvələd İmanov yaşadığı Göygöl rayonuna qaçsa da çox həbs olunub. İlkin dindirilmə zamanı sifarişçinin Aydın Rüstəmov olması müəyyənləşib.
İstintaqın gəldiyi nəticəyə görə, A.Rüstəmov 1996-cı ildən etibarən M.Həqzadə ilə dərman preparatlarının satışı ilə bağlı kommersiya fəaliyyəti ilə məşğul olub. 2011-ci ilin əvvəllərindən 2013-cü ilədək müxtəlif vaxtlarda M.Həqzadədən “Şəms MMC” firmasının nizamnaməsində dəyişiklik etməklə onu firmanın müəyyən bir hissəsinə rəsmi payçı kimi rəsmiləşdirməsini tələb edib. Lakin M.Həqzadə onun tələblərini rədd edib.
Odur ki, A.Rüstəmov tamah məqsədilə onun qətlini sifariş verməklə qisas almaq və ticarət obyektinə payçı olmaq qərarına gəlib. O, 2013-cü ilin fevral ayından əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Ş.İmanovla cinayət ələqəsinə girərək M.Həqzadənin qətlini sifariş verib və ona bu işin müqabilində 70 min manat pul verəcəyini vəd edib. Buna görə də Ş.İmanova M.Həqzadənin özünü, sonra da yaşadığı Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı mənzilini göstərib.
A.Rüstəmovun sifarişinə əsasən Ş.İmanov həmin gündən etibarən adıçəkilən şəxsi öldürmək üçün onun yaşadığı evin qarşısında müşahidə apararaq gözləyib. 16 may, 2013-cü ildə saat 23 radələrində M.Həqzadə “Prado” markalı avtomaşını ilə yaşadığı binanın həyətində dayanarkən Ş.İmanov ona hücum edərək çoxsaylı bıçaq zərbələri endirib. M.Həqzadə qışqıraraq qonşuları köməyə çağırdığından Ş.İmanov yaxalanacağından ehtiyat edərək hadisə yerindən qaçıb.
Cinayəti başa çatdıra bilməyən Ş.İmanovun yarımçıq qoyduğu “işi” A.Rüstəmov davam etdirib. O, ertəsi gün günorta saatlarında işlədiyi aptekə gələrək 10 mq “Strefontin K” dərman preparatı götürüb və 10 qramlıq şprisə çəkərək cibində saxlayıb. M.Həqzadənin müalicə olunduğu Kliniki Tibbi Mərkəzə yollanıb və yaralı dostuna qulluq etmək adı ilə gecəni M.Həqzadənin yanında qalıb. Gecə yarısı onun yatmasından və köməksiz vəziyyətindən istifadə edərək M.Həqzadənin qoluna taxılmış kateter vasitəsilə dərmanı venasına yeridib. Dərmanın yüksək təzyiqlə qlikozit intoksikasıyasından M.Həqzadənin ürək fəaliyyəti tam dayanıb. A.Rüstəmov Ş.İmanova vəd etdiyi puldan 40 min dollar verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.İmanov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib.
Qətldə təqsirləndirilən A.Rüstəmov barəsində isə məcburi müalicə təyin edilib.

