“Mərkəzi Bank vahid qanunlarla idarə olunmur”
Tarix: 23-12-2015, 16:58 | Çap et
“Mərkəzi Bank vahid qanunlarla idarə olunmur”
Manatın ucuzlaşması ilə bağlı Mərkəzi Bankın dekabrın 21-dəki qərarından sonra valyutadəyişmə məntəqələri, banklar xarici valyutaları istədikləri kimi tənzimlənməyə başladılar. Amma üzən məzənnə siyasətinə görə prosesləri bazar özü müəyyən etməli, özü tənzimləməlidir.

Hətta bir neçə gündür valyutadəyişmə məntəqələrinin əksəriyyəti xarici valyuta qiymətlərinin rəqəmlərini elan yerlərindən çıxararaq gizlədiblər. Üstəlik, Mərkəzi Bankın xarici valyutalarla bağlı 2 faizlik məhdudiyyətinə də əməl olunmur.

Maliyyə sahəsi üzrə ekspert, IJS hüquq firmasının direktoru, vəkil Əkrəm Həsənov Modern.az-a açıqlamasında indiki vəziyyətə Mərkəzi Bankın anlaşılmaz və çaş-baş siyasətinin səbəb olduğunu bildirib: “Mərkəzi Bankdan verilən açıqlamalar doğrudan da anlaşılmazdır. Ümumi fikir söylənilir, amma konkret nə demək istənildiyi aydın deyil. Məzənnə tənzimlənməsinin hansı qayda ilə, hansı mexanizmlə həyata keçirilməsi bəlli deyil, tam açıqlanmır.

Mərkəzi Bank bəyanatlarla yox, qanunlarla işləməlidir, qaydalarını qəbul edib ortaya qoymalı və yaymalı idi. Mərkəzi Bankın rəsmi məzənnəsində 2 faiz tərpənə bilməz. Digər tərəfdən isə bəyanat verilir ki, məzənnə üzəcək, məntəqələr 2 faizi aşmırlarsa, deməli, üzmək mümkün deyil. Tənzimlənən üzən məzənnə zamanı bankların müdaxiləsi məhdudlaşdırılmalıdır”.

Ekspertin fikrincə, bu proseslərdə yalnız valyutadəyişmə məntəqələrini ittiham etmək düzgün deyil: “Burada valyutadəyişmə məntəqələrini tam ittiham etmək düzgün deyil. Çünki Mərkəzi Bank özü elan verib ki, üzürük. Üzürüksə, ondan 2 faiz nə deməkdir? Mərkəzi Bank hamının xoşuna gəlmək üçün bir-birinə zidd addımlar atır.

Elə ona görə valyutamızı öldürdü. “Biz devalvasiya etdik” deməyə cəsarətləri də çatmadı. Mərkəzi Bank belə deməli idi: “Biz devalvasiya etdik, bundan sonra banklara məhdudiyyət yoxdur və istədikləri qiyməti qoya bilərlər”.

Banklar deyirlər ki, biz istədiyimiz qiymətə bunu sata bilmiriksə, satmayacağıq. Çünki hələ də 2 faiz məhdudiyyəti tam aradan qaldırılmayıb.

Ona görə də ortalıqda qalıblar. Mərkəzi Bank, əgər üzən məzənnə rejiminə keçəcəkdisə, bunun qaydaları hazırlanmalı idi. Çünki bu fikir onların ağlına bir günə gəlməyib. Bu bir daha sübut edir ki, Mərkəzi Bank və maliyyə sistemi vahid qayda-qanunlarla idarə olunmur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net