Ucuz ətin dönəri 1 azn - Genefondumuz necə məhv olur
Tarix: 24-11-2015, 16:58 |
Çap et
Qida təhlükəsizliyi hər bir ölkənin həssaslıqla yanaşdığı sahələrdən hesab olunur.
Respublikamızda da bu yöndə zaman-zaman müxtəlif qanunlar qəbul olunub. Azərbaycanda ən çox tələb olunan qida vasitələrindən biri də dönərdir. Bu yemək növü tez hazır olması ilə yanaşı, qiyməti də münasib hesab edilir. Adətən, şəhərin müxtəlif yerlərində 1.80-3 azn arası satılan dönərlərə rast gəlinməkdədir. Son günlər isə metronun "Elimlər Akademiyası" stansiyasının çıxışında 1 azn-ə dönər satılmağa başlayıb. Ərazidə müşahidə aparan hafta.az-ın müxbiri dönəri 1 manata satan 2 obyekt aşkar edib. Əsasən tələbələrin baş çəkdiyi dönərxanalarda növbə diqqət çəkirdi. Əməkdaşımızla söhbət edən tələbələr dönəri ucuz qiymətə olduğuna görə aldıqlarını dedilər.
Bakı Dövlət Univeristetinin tələbəsi Rəşad Hacıyevin sözlərinə görə, oxuduğu təhsil müəsisəsində 1 manat xərcləyərək doya biləcəyi yemək ala bilmir:
“Təəssüflər olsun ki, o boyda univeristetdə istənilən təbəqəyə aid olan, tələbələri qane edəcək yeyinti məhsulları satılmır. Mən şəxsən univeristetin yeməkxanasında doyunca yemək yeməyim üçün azı 2 azn xərcləməliyəm. Belə hallarda biz qida təhlükəsizliyi məsələlərini 2-ci plana keçiririk. Əsas odur ki, cibimizə uyğun qidalanaq. Təbii ki, toyuq ətindən olan dönərin zərərinin olduğunu bilirik. Amma başqa yolumuz da yoxdur".
Azərbaycan Texniki Univeristetinin tələbəsi də dönəri ucuzluğuna görə aldığını dedi:
“Bizim univeristetin yaxınlığnda dönər 1.80-2 azn-ə satılır. Yeməkxanada da qiymətlər münasib deyil. Məhz bu səbəbə görə, mən və tələbə yoldaşlarım dərsdən sonra hər gün bura baş çəkirik. Dönərin ziyanı barədə isə heç nə düşünmürük. Bunu müvafiq qurumlar tənzimləməlidir”.
Hafta.az-ın müxbiri dönərxanaya yaxınlaşaraq məhsulun keyfiyyətinin hansı səviyyədə olması ilə maraqlandı. Əməkdaşımıza açıqlama verən dönərçinin sözlərinə görə, onlar məhsulu toyuğun bud ətindən hazırlayırlar:
“ Hazırladığımız dönər toyuq ətindəndir. Məhsulu bizə “Kəsginoğlu” firması verir bununla bağlı müvafiq sertifikatımız da var”. Digər dönər satan obyektin sahibi isə əməkdaşımıza hazırladığı məhsulun mənşəyi haqda heç bir informasiya vermək istəmədiyini bildirdi”.
Hafta.az-ın apadrığı araşdırmadan sonra məlum oldu ki, bu gün dönərxanalarda toyuq dönəri adı altında satılan yeyinti məhsulu toyuğun bud ətində hazırlanır. Həmin məhsullar ölkəmizə əsasən Braziliya və ABŞ-dan gətirilir.
Hafta.az-a açıqlama verən Respublika Gigyena və Epidemiologiya Mərkəzinin qidalanma bölməsinin müdiri İmran Abdullayevin sözlərinə görə, qurum bu ilin əvvəlində toyuq dönərinin satışına qadağa qoysa da, bir sıra yerlərdə onların tələblərinə məhəl qoyulmayıb. Hazırkı məqamda isə onlar 2 il müddətinə hər-hansısa sahibkarın fəaliyyətini təftiş edə bilmirlər. Bunun üçün gərək konkret şəxslərin şikayəti olsun. Yalnız bundan sonra Respublika Gigyena və Epidemiologiya Mərkəzi yoxlamalar apara bilər.
Qeyd edək ki, bu gün ölkəmizdə problem təkcə toyuq ətindən satılan dönərlərlə məhdudlaşmır. Mal əti adı altında satılan dönərlərdən də bir çox şəxslərin şikayətləri olub. Apardığımız araşdırmadan sonra məlum oldu ki, Azərbaycanın bir sıra dönərxanalarında mal ətindən verilən dönərlər əsasən Hindistandan gətirilmiş donmuş ət məhsulundan hazırlanır. Bu ətin tərkibinin zərərli olmasına dair müvafiq dövlət qurumlarının dəfələrlə xəbərdarlıqları olub. Amma göründüyü kimi hər gün on minlərlə gəncimiz bu məhsullardan istifadə edərək öz sağlamlığını təhlükə altına atır.