Ombudsman: Münaqişə başa çatsa da, azərbaycanlıları təhqir etməyə yönəlmiş materiallar erməni cəmiyyətində təbliğ olunur
Tarix: 30-10-2023, 10:55 | Çap et


Müasir dövrümüzdə cəmiyyətlər dinc yaşayış normalarını, mədəni plüralizmi və qarşılıqlı hörmət prinsiplərini qəbul edir. Hər bir ölkənin cəmiyyətdə sülhü və firavanlığı qoruması üçün əsas siyasəti bu prinsiplər olmalıdır. Ancaq təəssüf ki, Ermənistanın siyasi rəhbərliyi tərəfindən həyata keçirilən azərbaycanlılara qarşı uzun illərdir davam edən nifrət siyasəti erməni əhalisi arasında etnik və dini zəmində dözümsüzlük yaradıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatında bildirib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasına baxmayaraq, azərbaycanlıları alçaltmağa və təhqir etməyə yönəlmiş nifrət ritorikasına əsaslanan açıqlamalar, foto və video materiallar erməni cəmiyyətində davamlı şəkildə təbliğ olunur:

“Erməni mənbələrinə nəzər yetirsək, Azərbaycanfobiya siyasəti” və “onun prioritetliyi” barədə kifayət qədər çox materiallara rast gəlmək mümkündür və təəssüf ki, bu cür siyasət dövlət səviyyəsində açıq şəkildə dəstəklənir. Xüsusilə də müharibədən sonrakı dövrdə xalqlar arasında yaranacaq əlaqələrin və regionda sabit sülh şəraiti barəsində müzakirələrin aparılması gözlənildiyi halda Ermənistan siyasi elitası tərəfindən Azərbaycana və onun vətəndaşlarına qarşı etnik cəhətdən dözümsüzlüyü ifadə edən bəyanatların səsləndirilməsinin şahidi oluruq. Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı səsləndirilən nifrət dolu bəyanatlar, o cümlədən revanş barədə utopik düşüncələr gələcəkdə münaqişənin yenidən alovlanmasına, sülh və insanlıq əleyhinə yeni cinayətlərin törədilməsinə zəmin yaradır.

Qonşu dövlətlərlə dinc yanaşı yaşamaq və regional əməkdaşlığı inkişaf etdirmək prinsipini rəhbər tutan Azərbaycan Ermənistan dövləti ilə münasibətlərdəki gərginliyi zəiflətmək, regional sülhü möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək yolunda konkret təkliflər irəli sürür. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayaraq, müxtəlif media-resurslarda və sosial şəbəkələrdə azərbaycanlılara qarşı nifrət təbliğatını davam etdirir”.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net